Ruhani: “Biz, “Hörmüz Sülh Təşəbbüsü” adlı bir planla Nyu-Yorka gedirik”

Ruhani: “Biz, “Hörmüz Sülh Təşəbbüsü” adlı bir planla Nyu-Yorka gedirik”

GünazTV: İran prezidenti Həsən Ruhani sentyabrın 23-ü, səhər saatlarında BMT Baş Assambleyasının 74-cü sessiyasına qatılmaq üçün Nyu-Yorka yola düşüb.

 

Səfərdən əvvəl, Tehranın Mührabad hava limanında jurnalistlərə açıqlama verən İran prezidenti Nyu-Yorka səfərdə məqsədinin bəzi detallarını açıqlayıb.

 

Ruhani deyib ki, o, BMT Baş Assambleyasının toplantısına körfəzdə sülhün bərqərar olunmasına yardım edə biləcək yeni bir planla gedir: “Biz, “Hörmüz Sülh Təşəbbüsü” adlı bir planla Nyu-Yorka gedirik. Biz, Fars körfəzi və Hörmüz boğazı ətrafındakı bütün ölkələri birgə əməkdaşlığa dəvət edir, regionun təhlükəsizliyini birgə qorumaq üçün onları bu koalisiyaya, yəni sülh koalisiyasına qoşulmağa çağırırıq. Biz bu planı BMT-də şərh edəcək, İranın bölgədə uzunmüddətli sülh tərəfdarı olduğunu dünyaya elan edəcəyik.

 

Hesab edirik ki, region problemlərinin həlli onun öz içindən çözülməlidir. Kənardan gələn qüvvələr bölgənin sülh və təhlükəsizliyini təmin edə bilməzlər. Amerika 2001-ci ildən bölgədədir. Lakin o bu regionunun təhlükəsizliyini təmin edə, ona sülh gətirə bilməyib. Biz, BMT-də şərh edəcəyimiz “Hörmüz Sülh Təşəbbüsü” adlı planımızla Fars körfəzi ətrafında yerləşən bütün ölkələri kollektiv əməkdaşlığa çağıracağıq. Bu əməkdaşlıq, təkcə təhlükəsizlik məsələləri ilə bağlı yox, həm də siyasi və iqtisadi əməkdaşlığı nəzərdə tutur.

 

Bu gün regionda vəziyyət son dərəcədə gərgindir. Bəzi məsələlər barədə ciddi nigaranlıqlar var və onun da kökü bəllidir. Məsələn, regionda bir hadisə baş verən kimi bizə qarşı ittihamlar da yağmağa başlanır. Lakin göründüyü kimi Amerikanın başqa hədəfi var. Aramco təsisatlarına hücum məsələsinə gəlincə, hesab edirik ki, baş verən bu olayda dünya ictimai rəyi Yəmənə təcavüzü pislədi. Daha doğrusu, Aramco hadisəsi Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin və Amerikanın Yəmənə təcavüzünün məhsuludur. Çünki əgər Yəmənə təcavüz olunmasaydı, Aramco-ya qarşı bu hücum da baş tutmazdı” –deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN