Ruhani: “Biz müharibəni ilk başlayan tərəf olmayacağıq”

Ruhani: “Biz müharibəni ilk başlayan tərəf olmayacağıq”

GünazTV: İran prezidenti Həsən Ruhani iyunun 12-də Tehrana səfər edən Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdən sonra jurnalistlərə verdiyi birgə mətbuat konfransında çıxış edərək, ölkəsi ilə Amerika arasındakı çaxnaşmadan və iki ölkə arasında mümkün savaşdan danışıb.

 

Ruhani deyib ki, hazırda Tehranla Vaşinqton arasında yaşanan çaxnaşma və ixtilafların kökü, Amerikanın İrana qarşı başlatdığı iqtisadi müharibədədir: “Hesab edirik ki, ölkəmizə qarşı başladılan bu iqtisadi savaş dayandırılacağı zaman, biz həm İranda, həm də dünyada müsbət dəyişikliklərin şahidi olacağıq. Biz regionda hər hansı bir müharibəni ilk başlayan tərəf olmayacağıq. Hətta Amerika ilə də. Lakin əgər kimsə bizə qarşı savaşa başlasa, biz ona kəskin cavab verəcəyik” –deyə İran prezidenti Həsən Ruhani vurğulayıb.

 

Yaponiyanın baş naziri Şinzo Abe

 

Həmçinin mətbuat konfransında çıxış edən Yaponiyanın baş naziri Şinzo Abe deyib ki, İran Orta Şərq regionunda sabitlik və təhlükəsizliyin bərqərar olunması üçün konstruktiv bir rol oynamalıdır: “Biz bu işdə əlimizdən gələn yardımı etməyə hazırıq. Bəlkə mənim burada İran millətinə xitabən deyəcəyim sözlər sizin üçün xoş səslənməyə bilər. Lakin sizə yardımçı və arxa olmaq arzumu nəzərə alaraq, cəsarət edib öz sözlərimi deyəcəyəm.

 

Hazırda Orta Şərq regionunda çaxnaşma artmaqdadır. Hərbi ekspertlər də hansısa bir qarşıdurmanın baş verə biləcəyi ehtimalından danışırlar. Lakin hesab edirəm ki, nəyin bahasına olursa-olsun, belə bir savaşın qarşısı alınmalıdır. Düşünürəm ki, biz Orta Şərqdə sülh və sabitliyi möhkəmləndirməli, təsadüfi bir qarşıdurma və savaşın qarşısını almalıyıq. Məhz buna görə də, İranın bu məntəqədə konstruktiv bir rol oynaması lazımdır. Yaponiya isə öz potensialına arxalanaraq, Orta Şərq bölgəsində yaşanan çaxnaşmanın azaldılması istiqamətində mühüm rol oynamaq istəyir. Mənim isə Tehrana səfərdə əsas hədəfim budur” –deyə Yaponiyanın baş naziri Şinzo Abe əlavə edib.

 

Bildirilir ki, İranla Amerika arasında vasitəçilik etmək məqsədi ilə Tehrana ikigünlük rsəfərində, Şinzo Abenin bu gün İranın dini lideri Əli Xamneyi ilə görüşəcəyi gözlənilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN