Ruhani: “Bölgədə heç bir ölkə hegemon güc olduğunu iddia edə bilməz”

 Ruhani: “Bölgədə heç bir ölkə hegemon güc olduğunu iddia edə bilməz”

 GünAzTV: Dekabrın 3-də ölkənin Sistan-Bəlucistan əyalətinin Çabahar şəhərinə səfər edən İran prezident Həsən Ruhani, yerli məsullar qarşısında çıxış edərək region ölkələri arasındakı ixtilafların danışıqlar yolu ilə aradan qaldırılmasının mümkünlüyündən danışıb.

 

Öz çıxışında Orta Şərqin hazırkı ümumi durumunun qənaətbəxş olduğunu vurğulayan Ruhani bildirib ki, region ölkələri öz aralarında olan ixtilafları silah gücü ilə yox, qarşılıqlı dialoq və sülh yolu ilə həll etməlidirlər: “Bu gün bölgədə heç bir ölkə üstün və hegemon güc olduğunu iddia edə bilməz. Daha doğrusu heç bir ölkə “Mən hamıdan üstün olduğum üçün regionun digər ölkələri mənə tabe olmalıdır” sözünü və iddiasını irəli sürə bilməz. Unutmayaq ki, dünyanın  fövqəldövlətləri də bunu edə bilmədilər. Regional güclər də bunu bacara bilməyəcəklər. Hamımız qəbul etməliyik ki, bizim gücümüz, hər bir ölkənin ayrıca gücündə yox, regionun gücündədir.

 

Hesab edirik ki, region ölkələri öz aralarındakı ixtilafları hər hansı bir kənar ölkənin vasitəçiliyi ilə yox, birbaşa qarşılıqlı danışıqlar yolu ilə həll etməlidir. Bizim, bölgədəki mövcud problemləri aradan qaldırmaq üçün nə silaha ehtiyacımız var, nə də fövqəldövlətlərin müdaxiləsinə. Yeganə həll yolu dialoq və danışıqlardır. Biz isə buna önəm verməliyik”.

 

Qeyd edək ki, son aylarda İranın körfəz ölkələri ilə, o cümlədən də Səudiyyə Ərəbistanı ilə  ixtilafları daha kəskin hal alıb. Körfəzdəki ərəb ölkələr, İranı öz qonşularının daxili işlərinə qarışmaqda, açıq-aşkar Suriya və Yəməndə hərbi fəaliyyətini gücləndirməkdə, Yəməndəki şiə-husiləri silahlandırmaqda və radikal şiəliyi bölgədə yaymaqda günahlandırırlar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN