Ruhani dini liderin nəzarətində olan qurumları kəskin tənqid edib

Ruhani dini liderin nəzarətində olan qurumları kəskin tənqid edib

GünAzTV: Mayın 17-də seçki kampaniyası aparmaq üçün Məşhədə səfər edən İran prezidenti Həsən Ruhani, tərəfdarları qarşısında çıxış edərək ölkənin dini liderinin birbaşa nəzarətrində olan qurumları, eləcə də Məşhədin cümə namazının rəhbəri axund Əhməd Ələmülhüdanı kəskin tənqid edib.

 

Ruhani, həmin qurumların adlarını çəkməsə də, dolayısıyla “Sepah”ı, dövlət radio-televiziyasını, rəqibi, İbrahim rəisinin başçılıq etdiyi “Astani Qüdsi Rəzəvi”ni və digər qurumları kəskin tənqid atəşinə tutub. O, Rəzəvi Xorasan əyalətində, o cümlədən də Məşhəddə İmam Rza adı və bəhanəsi ilə hər hansı bir icazəli konsertin keçirilməsinə mane olan və hökumət qərarlarına məhəl qoymayan axund Ələmülhüdanı əyalətdə öz hökumətini yaratmaqda günahlandırıb: “Ölkənin bir lideri, bir hökuməti və bir konstitusiyası var. Biz hər əyalətdə ayrıca bir rəhbərin olmasını istəmir, bununla razılaşmırıq. Sizin xalqla və gənclərlə həmişə probleminiz olub. Sizin Firdovsi ilə də probleminiz olub. Elə buna görə də onun divarlara yazılmış şeirlərini də sildirən siz olubsunuz. Axı bunu niyə etdiniz. Siz, musiqi və incəsənət istəyənlərə deyibsiniz ki, musiqi və konsert istəyirsinizsə Məşhəddən çıxın gedin. İndi də İranı ələ keçirmək istəyirsiniz və yəqin ki, sabah da millətə deyəcəksiniz ki, İrandan çıxın gedin.

 

Mən burda toplaşanlardan xahiş edirəm ki, Məşhədin cümə namazının rəhbərinə və ya konkret hər hansı bir digər şəxsə qarşı şüarlar səsləndirməsinlər. Çünki biz müxaliflərimizlə bir yerdə yaşamalıyıq. Lakin bir şey də var ki, azlıqda olan da öz yerini bilməlidir. Daha doğrusu azlıqda olanlar əksəriyyətin yerini tutmamalı, öz yerində oturmalıdır.

 

Bizim, “Sepah” və “Bəsic”lə də heç bir problemimiz yoxdur. Biz onları sevirik. Lakin onlardan sadəcə olaraq İmam Xomeyninin hərbçilərin partiyalara və siyasi oyunlara girməməsi ilə bağlı etdiyi vəsiyyətinə riayət etmələrini tələb edirik. Həmçinin, bəziləri də “Astani Qüdsi Rəzəvi”nin büdcəsindən un və nabat alıb əhali arasında paylamaqla və onları bu şəhərdən o şəhərə daşımaqla  səslərini qazanmağa çalışırlar. Bu isə düzgün addım deyil”.

 

Ruhani, hakimiyyətin mühafizəkar qanadından olan bəzi qüvvələr tərəfindən onun hökumət üzvlərinə edilən təzyiqlərdən da danışıb: “Bizim nüvə danışıqları aparan komandamızın üzvləri Qərblə müzakirələr aparanda, sizlər bizə arxadan xəncər vurdunuz. Müzakirə gecəsi, gizli nömrədən xarici işlər nazirimiz Məhəmmədcavad Zərifə və onun müavini Abbas Əraqçi gələn təhdid dolu zənglər kişilikdən deyil idi”.

 

İranda növbəti prezident seçkiləri bu həftənin cümə günü (mayın 19-da) keçiriləcək.

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN