Ruhani: “Əgər nüvə sazişində İran millətinin mənafeyi təmin olunmasa, bir an tərəddüd etmədən onlara cavab verəcəyik”

Ruhani: “Əgər nüvə sazişində İran millətinin mənafeyi təmin olunmasa, bir an tərəddüd etmədən onlara cavab verəcəyik”

GünAzTV: İran prezidenti Həsən Ruhani oktyabrın 13-ü axşam saatlarında dövlət televiziyasında çıxış edərək ABŞ prezidenti Donald Trampın İranla bağlı elan etdiyi yeni strategiyasına münasibət bildirib.

 

Ruhani deyib ki, əgər Amerika nüvə razılaşmasının pozulması istiqamətində hər hansı bir addım atsa İran dərhal buna reaksiya verəcək: “Əgər bir gün nüvə sazişində İran millətinin mənafeyi təmin olunmasa, bir an tərəddüd etmədən onlara cavab verəcəyik. Biz yalnız millətimizin mənafeyi təmin edilənə qədər bu sazişdə qalacağıq.

 

BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında əldə edilən Vyana razılaşması beynəlxalq bir anlaşmadır. Bu təkcə İranla Amerika arasında imzalanmış bir sənəd deyil ki, Vaşinqton istədiyi kimi onunla rəftar etsin. Trampın çıxışında söyüş, ittihamlar və mənasız sözlərdən başqa bir şey yox idi. Hesab edirik ki, Amerika prezidenti bir az tarix və coğrafiya oxumalı, beynəlxalq etika, əxlaqiyyat, öhdəliklər və dünya prinsipləri barədə mütaliəsini artmalıdır.

 

Necə olur ki, bir prezident, Amerika hərbi gəmilərinin həmişə gəlib-getdiyi bir  körfəzin və ya məntəqənin adının nə olduğunu hələ də bilmir. Söhbət fars körfəsindən gedir. Yaxşı olardı ki, o heç olmasa öz hərbçilərinin əlində olan xəritələrə bir nəzər salıb, bu körfəzin adının nə olduğunu və necə yazıldığını öyrənərdi. Buna görə də hesab edirik ki, ABŞ prezidenti coğrafiyanı yaxşı mütaliə etməli, beynəlxalq qanunlara hörmətlə yanaşmalıdır”.

 

 

Tramp oktyabrın 13-də İranla bağlı yeni strategiyasını açıqlayıb. O deyib ki, Amerika İranın nüvə sazişə sadiq qaldığını təsdiqləyə bilmir: “Bu sazişdə məqsəd, bölgədə və dünyada sülh və sabitliyin bərqərar olunmasına yardım etmək idi. Lakin təəssüflər olsun ki, bu belə olmadı və həmin anlaşmadan sonra Tehran, regiondakı pozucu və dağıdıcı fəaliyyətini daha da gücləndirdi. Bu razılaşma İrana imkan verir ki, əvvəlki təxribatçı fəaliyyətini davam etdirsin. Bu sazişin vaxtı bitəndən sonra İran daha sürətlə atom silahı istehsalı istiqamətində hərəkət edəcək. Bu isə Amerika prezidenti olaraq mənim üçün qəbuledilməzdir. Biz, İranın atom silahı istehsal etməsinə aparan bütün yolları bağlayacaq, Tehranın nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcəyik”.

 

Öz çıxışında “Sepah”ın regionda və dünyada pozucu fəaliyyətinə və onun terrorçu qruplaşmalara dəstəyinə toxunan ABŞ prezidenti bildirib ki, o, “Sepah”a əlavə sanksiyalar qoyulması üçün ABŞ Maliyyə Nazirliyinə göstəriş verib: “Biz İran rejiminin ən böyük qurbanı sayılan İran millətinin yanındayıq və onlara dəstək veririk. İranın təcavüzkar diktator rejiminin, o cümlədən də “Sepah”ın terrorçu və zorakı fəaliyyəti təkcə amerikalıları hədəfə almayıb. İrandakı tələbələr və dinc etirazçılar da bu rejimin qurbanlarına çevrilərək zorakılıqlara, edama və repressiyalara məruz qoyulub. “Sepah”, gəmilərimizin Ərəb körfəzində və bölgənin digər sularında sərbəst hərəkətinə təhlükələr yaradır, beynəlxalq naviqasiya azadlığına maneələr törədir, vətəndaşlarımızı qanunsuz olaraq həbs edir, bizim infrastrukturumuza qarşı kiber hücumları təşkil edir. “Sepah”, bütün dünyada terrorizmə dəstək verən ən fasid qurumdur. Bu fasid qurum, İran millətinin pullarını mənimsəyərək dünyada terrorçu əməliyyatlara maddi yardım göstərir, bölgədə və dünyada sabitliyi pozmağa çalışır”.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN