Ruhani Ərdoğanla görüşdə: “İran, Suriya və İraqın ərazi bütövlüyünün pozulmasına müxalifdir”

Ruhani Ərdoğanla görüşdə: “İran, Suriya və İraqın ərazi bütövlüyünün pozulmasına müxalifdir”

GünAzTV: İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv olan ölkə başçılarının toplantısına qatılmaq üçün Pakistana səfər edən İran prezidenti Həsən Ruhani martın 1-də İslamabadda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək iki ölkə arasındakı münasibətlər və regiondakı vəziyyət barədə danışıqlar aparıb.

 

Türkiyə ilə İranın bölgənin iki mühüm ölkəsi olduğunu vurğulayan Ruhani, Tehranla Ankara arasındakı əlaqələrin genişləndirilməsini vacib saydığını bildirib: “İranla Türkiyə arasındakı əlaqələrin hərtərəfli inkişaf etməsi, həm iki millətin mənafeyinə, həm də bütün regionda sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək. Bölgədəki mövcud şərait və vəziyyətə gəlincə, İran İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanılmasına israr edir, onların, o cümlədən də Suriya və İraqın ərazi bütövlüyünün pozulmasına müxalifdir. Biz, bölgədə gedən savaşı və axılan qanları, eləcə də xarici dövlətlərin regiona müdaxiləsini dayandırmağa çalışmalıyıq”.

 

Görüşdə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkə arasındakı münasibətlərə toxunaraq, Tehranla Ankara arasındakı iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb: “Türkiyə İranla iqtisadi əlaqələrini genişləndirmək istəyir. Hesab edirəm ki, biz İranla ticarət və iqtisadi sahədəki əməkdaşlığımızı 30 milyard dollara qədər çatdırmalı və bu hədəfi reallaşdırmalıyıq. Biz, həmçinin ölkələrimizin terrorizmə qarşı mübarizədə və regional məsələlərin həllində birgə əməkdaşlıq etməsinin tərəfdarıyıq”.

 

Xatırladaq ki, son günlər, iki ölkə rəsmilərinin bir-birinə qarşı səsləndirdiyi bəyanatlar rəsmi Tehranla Ankara arasındakı münasibətlərdə qismən soyuqluq yaratmışdı.

 

Fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı bölgədə şiəçiliyi və dini sektaçılığı yaymaqda günahlandırıb: “İranın bölgədə yürütdüyü siyasət, körfəz ölkələrinin, o cümlədən də Səudiyyə Ərəbistanı ilə Bəhreynin sabitliyini pozur. İran, İraqı və Suriyanı iki şiə ölkəsinə çevirməyə çalışır. Bu isə çox təhlükəli addımdır. Elə buna görə də hesab edirəm ki, biz regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması üçün İranı bu ambissiyalarından əl çəkməyə təşviq etməliyik”.

 

Fevralın 20-də Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin İranın Xarici İşlər Nazirliyinə çağırılmış və ona bu ölkə rəsmilərinin son günlər İranın bölgədəki rolu ilə bağlı səsləndirdiyi bəyanatlarına etiraz bildirilmişdi.

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN