Ruhani: “Hələlik sazişdə qalacağıq. Lakin mənafeyimiz təmin olunmasa tez bir zamanda başqa istiqamətdə hərəkətə başlayacağıq”

Ruhani: “Hələlik sazişdə qalacağıq. Lakin mənafeyimiz təmin olunmasa tez bir zamanda başqa istiqamətdə hərəkətə başlayacağıq”

GünAzTV: İran prezidenti Həsən Ruhani mayın 8-i axşam saatlarında dövlət televiziyasına açıqlamasında Amerikanın nüvə sazişindən çıxmasına münasibət bildirib. Ruhaninin açıqlaması ABŞ prezidenti Donald Trampın  Vaşinqtonun sazişdən çıxdığını elan etməsindən az sonraya təsadüf edib.

 

Öz açıqlamasında İran vətəndaşlarını Trampın qərarının ölkə iqtisadiyyatına buraxacağı mənfi təsirindən nigaran qalmamağa çağıran Ruhani deyib ki, ölkə rəsmiləri belə bir qərarın sonrakı fəsadlarını dəyərləndirməyə başlayıblar: “Amerika prezidentinin bu qərarı bir daha göstərdi ki, Vaşinqton, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiq deyil. Bu andan etibarən, nüvə müqaviləsi, bizimlə 5 ölkə arasında olan bir sazişdir. Hazırkı şəraitdə, dünyanın 6 fövqəldövlətinin bu sazişə necə əməl edəcəklərini gözləyirik. Mən, Xarici İşlər Nazirliyinə göstəriş vermişəm ki, qarşıdan gələn həftələrdə Avropa ölkələri ilə, eləcə də Rusiya və Çinlə bununla bağlı danışıqlar aparsın.

 

Əgər bu qısa müddət ərzində belə bir qənaətə gəlsək ki, həmin 5 ölkə (Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) ilə əməkdaşlıq edərək nüvə sazişini və onda öz əksini tapmış İran millətinin istəklərini qoruyub saxlamaq mümkündür, bu saziş (“Bərcam”) qüvvədə qalacaq və biz sülhün, eləcə də, bölgə və dünyanın təhlükəsizliyinin xeyrinə doğru birlikdə addım ata biləcəyik. Yox, əgər həmin müddətdə mənafeyimizin təmin olunmadığını görsək, ola bilsin ki, tez bir zamanda yolumuzu dəyişərək, başqa bir istiqamətdə hərəkətə başlayacağıq.

 

Millətdən isə istəyirəm budur ki, ölkənin gələcəyindən, onun iqtisadi durumundan və Trampın bu qərarının ölkə iqtisadiyyatına buraxacağı təsirdən nigaran qalmasınlar. Biz, iqtisadi inkişafımızı davam etdirəcək, ölkə əhalisinin əsas ərzaq və ehtiyaclarını, eləcə də məmləkətə lazım olan valyutanı  təmin edəcəyik”.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə jurnalistlər qarşısında çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib. İranı üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə, terrorizmə dəstəkdə, bölgənin sabitliyinə qarşı çıxmaqda və özünün ballistik raketlərini inkişaf etdirməkdə günahlandıran Tramp, Vaşinqtonun İrana qarşı əvvəlki sanksiyaları bərpa edəcəyini bəyan edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN