Ruhani: “Hökumət istefa verməyəcək”

Ruhani: “Hökumət istefa verməyəcək”

 GünAzTV: İran prezidenti Həsən Ruhani iyunun 27-də hökumət rəsmiləri ilə görüşdə çıxış edərək, ölkənin ağır iqtisadi durumundan, Amerikanın İrana qarşı sanksiyaları gücləndirilməsindən və hökumətinin istefaya getməsi ilə bağlı edilən çağırışlardan danışıb.

 

Hakimiyyətin radikal qanadına yaxın bəzi rəsmilərin, o cümlədən də deputatların hökumətini istefaya çağırmasına və bununla bağlı təklifinə toxunan Ruhani deyib ki, ona və komandasına göstərilən bütün təzyiqlərə baxmayaraq hökuməti istefaya getməyəcək: “Əgər hər kəs hökumətin istefa verəcəyini düşünürsə, səhvə yol verir. Hamı bilsin ki, hökumət nə istefa verəcək, nə də kənara çəkiləcək.

 

Hesab edirəm ki, hökumət və mən, 81 milyon vətəndaşın nümayəndəsi olaraq, milli mənafeyimiz istəyən yolu seçməli, hakimiyyətin digər strukturları ilə koordinasiya edilmiş şəkildə birgə rəftar və hərəkət etməliyik. Bizim Amerikanın təzyiqi qarşısında üç seçimimiz var. Birinci seçim, Amerika qarşısında təslim olmaqdır. Lakin ağıllı və vətənpərvər heç bir iranlı bunu qəbul etməz.

 

İkinci seçim, ölkədə daxili ixtilaflar davam etdiyi bir şəraitdə, Amerika qarşısında dayanmaqdır. Lakin hazırda, bu kimi söhbətlərin vaxtı deyil. Bu seçim, ölkə iqtisadiyyatının durumunu daha da ağırlaşdırar, ölkədə birliyə zərbə vurar, əhali arasındakı uçurum və ayrılığı dərinləşdirə bilər.

 

Üçüncü seçim isə odur ki, biz təslim olmuruq və Amerikanın təzyiqi qarşısında müqavimət göstərərək, milli və tarixi izzətimizi qoruyub saxlayır, bu iradələr savaşında Amerikanı diz çökdürməyə vadar edirik. Məhz buna görə də hesab edirəm ki, biz bu yolu seçərkən, ölkənin indiki reallığını nəzərə almalı, aramızdakı ixtilafları bir kənara atmalı, bir-birimizlə əməkdaşlıq etməliyik”.

 

 

Xatırladaq ki, İranda 1 ABŞ dollarının 9 min tümənə çatması və milli valyuta rialın (hər 10 rial bir tüməndir) sürətlə dəyərdən düşməsi Tehranda və bir sıra digər şəhərlərdə ticarət obkektləri sahiblərinin kütləvi etirazına səbəb olub.

 

İyunun 24-də Tehranda mobil telefonlarının əsas satış mərkəzləri olan “Əlaəddin” və “Çarsu” ticarət mərkəzlərindəki mağaza sahiblərinin dükanları bağlayaraq tətil etməsindən başlanan etirazlar, son günlər ölkənin digər şəhərlərinə də yayılıb. İyunun 26-sı və 27-də Tehran, İsfahan, Ərak, Kirmanşah, Məşhəd və bir sıra digər şəhərlərdə on minlərlə aksiyaçı küçələrdə yürüş keçirərək, molla rejiminə və onun rəsmilərinə qarşı şüarlar səsləndiriblər.

 

 

Bazarda qiymətlərin qeyri-sabitliyinə, rejimin müdaxiləçi xarici siyasətinə və milli valyutanın sürətlə dəyərdən düşməsinə etiraz bildirən etirazçılarla polids qüvvələri arasında baş verən qarşıdurmalarda onlarla aksiyaçı həbs edilib, çoxlu insan əli dəyənəkli hökumət qüvvələrinin zorakılığına məruz qalaraq yaralanıb. Etirazlar davam edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN