Ruhani: “Hökuməti tənqid etmək və ona etiraz bildirmək xalqın haqqıdır, lakin iğtişaşlar törədilməsinə dözməyəcəyik”

Ruhani: “Hökuməti tənqid etmək və ona etiraz bildirmək xalqın haqqıdır, lakin iğtişaşlar törədilməsinə dözməyəcəyik”

GünAzTV: Dekabrın 31-də hökumətin fövqəladə iclasında çıxış edən İran prezidenti Həsən Ruhani, ölkədə hakimiyyətə qarşı davam edən kütləvi etirazlara toxunaraq etirazçıların “dövlət əmlakı”na ziyan vurmasının qarşısını alacaqlarından danışıb.

 

Ruhani bildirib ki, ölkə vətəndaşları hökumətin bütün sahələrdə yürütdüyü siyasəti tənqid etməyə haqqı var: “Ölkənin bütün sahələrində hökumətin gördüyü işləri tənqid etmək və ya ona etiraz bildirmək xalqın haqqıdır. İnanırıq ki, həm hökumət, həm də ölkə, xalqa məxsusdur və millət öz istəyini dilə gətirməli, sözünü deyə bilməlidir. Lakin hökumət, ümumi asayişi pozmağa çalışanların, cəmiyyətdə iğtişaş və təxribat törətməyə cəhd edərək dövlət əmlakına ziyan vuranların qarşısını alacaq, buna dözməyəcək. 

 

Hamı bilməlidir ki, biz, azad bir millətik və ölkə konstitusiyasına görə, vətəndaşlar öz sözlərini deməkdə, nəyisə tənqid etməkdə və ya ona etirazını bildirməkdə sərbəstdir. Lakin bir şeyi nəzərə almalıyıq ki, etirazlar elə bir tərzdə olmalıdır ki, ölkənin və əhalinin yaşamının yaxşılaşdırılmasına yardım etsin. Düşünürəm ki, bir sıra məsələlərin həlli asan deyil və vaxt tələb edir. Elə buna görə də millət və hökumət əl-ələ verib bu problemləri birgə həll etməlidir. Vətəndaşların hazırkı etirazı yalnız ölkənin iqtisadi durumu ilə bağlı deyil. Millət, korrupsiyadan, ölkədə şəffaflığın olmamasından narazıdır. Millət deyir ki, hər şey şəffaf olmalıdır. Güman edirəm ki, biz də buna çalışmalıyıq”.

 

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

İranın 30-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.

 

A.M   


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN