Ruhani: “İran milləti, son 38 ildə edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir”

Ruhani: “İran milləti, son 38 ildə  edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir”

GünAzTV: Mayın 8-də Həmədan şəhərinə səfər edən İran prezidenti Həsən Ruhani, tərəfdarları qarşısında çıxış edərək qarşıdan gələn prezident seçkilərində əsas rəqibi sayılan İbrahim Rəisini dolayısıyla ölkədə dinc müxaliflərə qarşı həyata keçirilmiş repressiyalarda günahlandırıb.

 

Ruhani, öz çıxışında, ölkə əhalisi arasında siyasi məhbusların cəlladı və “ayətullah Edam” ləqəbləri ilə tanınan İbrahim Rəisinin adını çəkmədən deyib ki, prezidentliyə namizəd kimi qatılan bəziləri dinc müxalifləri həbsə salmaqdan və ya onları edam etməkdən başqa bir şey bacarmır: “İran milləti, son 38 ildə  edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir”.

 

Həmin gün, seçki kampaniyasını davam etdirmək üçün Kirmanşah şəhərinə səfər edən İran prezidenti 5 min yerlik bir idman komleksində çıxış edərək prezidentliyə namizədlər, İbrahim Rəisi və Məhəmmədbağır Qalibafa qarşı daha sərt bəyanatlar səsləndirib. Ruhani, mühafizəkarların namizədi kimi seçkilərə qatılan həmin şəxsləri millətlə sadiq olmamaqda və ikiüzlülükdə günahlandırıb: “Niyə ürək sözlərinizi gənclərə demirsiniz. Niyə xüsusi iclaslarda dedikləriniz sözləri burada uca səslə dilə gətirmisiniz. Niyə cavanlara demirsiniz ki, siz onları ölkə üçün bir fürsət yox, təhdid sayırsınız. Sizlər, ölkənin mühasirədə qalmasını istəyir, İran gənclərinin dünya ilə əlaqəsini kəsmək istəyirsiniz. Niyə xəlvətdə danışdığınız bu sözləri gəlib açıq şəkildə cavanların üzünə demirsiniz”.

 

Xatırladaq ki, İbrahim Rəisi, 1988-ci ildə ölkə zindanlarında həbsini çəkməkdə olan minlərlə günahsız siyasi məhbusun gizli şəkildə kütləvi qətliamını sürətləndirmək üçün o vaxtkı dini lider ayətullah Ruhullah Xomeyninin əmri ilə yaradılmış “Ölüm heyəti”nin başçısı vəzifəsində çalışıb. Həmin vaxt, o vaxtkı ölkə prokurorunun müavini vəzifəsində çalışan İbrahim Rəisinin cəmi 28 yaşı olub.

 

 İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN