Ruhani: “Sanksiyalar ləğv olunsa, nüvə sazişində kiçik və cüzi dəyişikliklər edilməsi barədə müzakirə apara bilərik”

Ruhani: “Sanksiyalar ləğv olunsa, nüvə sazişində kiçik və cüzi dəyişikliklər edilməsi barədə müzakirə apara bilərik”

GünazTV: Nyu-Yorkda səfərdə olan İran prezidenti Həsən Ruhani sentyabrın 24-də jurnalistlərlə görüşündə ölkəyə qarşı tətbiq edilən sanksiyalardan, nüvə sazişində dəyişikliklər edilməsinin şərtindən və Amerika ilə müzakirənin mümkümlüyündən danışıb.

 

Ruhani deyib ki, Fransa prezidenti Emmanuel Makronun İranla Amerika arasında vasitəçilik missiyasının uğurlu alınması, Vaşinqtonun ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmasından asılıdır: “Əgər Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar ləğv olunsa, biz nüvə sazişinin mətnində kiçik və cüzi dəyişikliklər edilməsi barədə müzakirə apara bilərik. Hesab edirik ki, ABŞ prezidenti hər hansı bir müzakirədən əvvəl itirilmiş etimadı geri qaytarmalı, bərpa etməlidir” –deyə İran prezidenti Həsən Ruhani vurğulayıb.

 

İran prezidenti həmçinin “Fox News” telekanalı müxbərinin ona verdiyi “Toplantı zamanı Amerika prezidenti Donald Trampla təsadüfi üz-üzə gəlsəniz onunla görüşərsinizmi” sualını belə cavablandırıb: “Bunun üçün əvvəl aramızda etimad yaranmalıdır” –deyə  Həsən Ruhani bildirib.

 

Həsən Ruhani Amerika prezidenti ilə görüşün müəyyən şərtlərlə mümkünlüyündən danışsa da, İranın dini lideri Əli Xamneyi son çıxışlarında Amerika ilə hər hansı bir müzakirənin aparılmayacağını bir daha vurğulayıb.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani bu gün BMT-nin Baş Assambleyasında çıxış edəcək.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN