Ruhani: “Seçkilərdə 4 milyon nəfər öz səsini sandıqlara sala bilməyib”

Ruhani: “Seçkilərdə 4 milyon nəfər öz səsini sandıqlara sala bilməyib”

GünAzTV: İran prezidenti Həsən Ruhani mayın 24-də özünün seçki qərargahının üzvləri ilə görüşərək dolayısıyla Konstitusiyaya Nəzarət Şurasını onun topladığı səslərin sayının 28 milyona qədər yüksəlməsinə mane olmaqda günahlandırıb.

 

Ruhani bildirib ki, o, dörd milyon seçicinin səsverməyə qatıla bilməməsindən təəssüf hissi keçirir: “Təəssüflər olsun ki, prezident seçkilərində 4 milyon seçici öz səsini sandıqlara sala bilməyib. Millətin seçdiyi namizədin 24 milyon əvəzinə 27 və ya 28 milyon səs toplamasının nə iradı var ki. Axı bu məsələ, niyə bəzilərinin nigaranlığına səbəb olmalıdır ki. Seçicilərdən biri də mənə mesaj göndərək 5 saat yarın növbədə qaldığını bildirmişdi.

 

Seçkilərin icraiyyə heyəti mayın 19-u sübh saat 10:30 radələrində Konstitusiyaya Nəzarət Şurasına belə bir təklif etmişdi ki, seçicilərin öz milli kartlarının nömrəsi ilə səs verə bilməsinə şərait yaradılsın və onların əlavə sənəd təqdim etməsinə ehtiyac qalmasın. Lakin şura, bu təkliflə həmin gün axşam saat 22:30-da razılaşdı və bununla da səsvermə fürsəti əldən getdiyinə görə saatlarla növbədə dayanan seçicilərin çoxu öz səslərini sandıqlara sala bilmədi. Beləliklə də təxminən 4 milyon yarım seçici səsvermə məntəqələrində yaranan uzun səflərə və sıxlığa görə öz səsini verə bilmədi”.

 

Ruhani bildirib ki, əgər bəzi qüvvələrin səsvermə prosesində yaratdığı müxtəlif maneələr olmasaydı, onun topladığı səslərin sayı 24 milyon yox, 28 milyona qədər yüksələ bilərdi.

 

Xatırladaq ki, İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli mayın 23-də jurnalistlərə açıqlamasında son prezident seçkilərində 1 milyon nəfərin səs verə bilmədiyindən danışmışdı: “Ötən cümə günü səsvermə məntəqələri gecə saat 24-ə qədər fəaliyyət göstərdi. Bu isə səsvermənin son qanuni vaxtı kimi nəzərdə tutulmuşdu. Lakin buna baxmayaraq səs vermək üçün saatlarla növbədə duran təxminən 1 milyon nəfər qanuni vaxt başa çatdığına görə səsverməyə qatıla və öz səsini sandığa sala bilmədi”.

 

Mayın 19-da İranda 12-ci prezident seçkiləri keçirilib.  Seçkilərdə dörd namizəd, Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparıb. Əsas rəqabət isə, iki namizəd arasında, yəni islahatçıların dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xamneyinin yaxın adamı kimi tanınan məşhur cəllad, axund İbrahim Rəisi arasında aparılıb.

 

Seçkilərdə Həsən Ruhani səslərin 57 faizini qazanıb və ikinci dəfə olaraq yenidən 4 il müddətinə preziden seçilib. O,  sandıqlara salınan 41 milyon 22 min 131 səsdən, 23 milyon 549 min 16 səs toplayaraq seçkilərin qalibi olub.

 

Ruhaninin əsas rəqibi olan İbrahim Rəisi isə15 milyon 786 min 449 səslə ikinci, Mustafa Mirsəlim 478 min 215 səslə üçüncü, Mustafa Haşimi Təba isə 219 min 450 səslə dördüncü yeri tutub.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN