Ruhani: “Xamneyinin bir “Hüseyniyyə”dən və sadə bir evdən başqa heç nəyi yoxdur”

Ruhani: “Xamneyinin bir “Hüseyniyyə”dən və sadə bir evdən başqa heç nəyi yoxdur”

GünazTV: İran prezidenti Həsən Ruhani iyunun 25-də Tehranda qatıldığı bir tədbirdə çıxış edərək, Amerikanın İranın dini lideri Əli Xamneyiyə qarşı sanksiya tətbiq etməsinə reaksiya verib.

 

Öz çıxışında amerikalı həmkarını “ağlını itirməkdə” günahlandıran Ruhani deyib ki, Amerikanın İrana qarşı yeni sanksiyalar qoyması insanlığa zidd bir addımdır: “Ağ Ev zehni baxımdan iflic vəziyyətə düşüb. Amerika ümidsizlikdən və çarəsizlikdən İranın dini liderinə sanksiya qoyub. Amerikanın bu əməli sanksiya deyil, insanlığa qarşı atılan bir addımdır. Əslində isə Amerika bu addımı ilə İran millətinə sanksiya qoyub.

 

İranın dini lideri təkcə bizə məxsus deyil. Onun Livanda, Əfqanıstanda, İraqda, Suriyada, Küveytdə, Pakistanda və digər ölkələrdə çoxlu tərəfdarları və təqlidçiləri var. Bundan başqa İran liderinin bir “Hüseyniyyə”dən və sadə bir evdən başqa heç nəyi yoxdur. O dünyanın digər rəhbərləri kimi deyil ki, onun xarici banklarda pulu və hesabı olsun, siz də ona qadağa qoyasınız.

 

Amerikalılar o qədər ağıllarını itiriblər ki, digər bir ölkənin rəhbərinə sanksiya qoyurlar ki, məsələn Amerikaya səfər edə bilməsin. Bu isə gülüncdür. Halbuki biz özümüz sizi ölkəmizə buraxmırıq. Siz isə deyirsiniz ki, qadağanı ona görə qoyuram ki, ölkəmizə gəlməyəsiniz. Bu isə gülünc və absurddur” –deyə Həsən Ruhani əlavə edib.

 

Xatırladaq ki, Donald Tramp iyunun 24-də “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

 

 

Fərmana əsasən, yeni sanksiyalar Xamneyinin özü, onun işçiləri və yaxın ətrafına şamil ediləcək, onlara axan maliyyə vəsaitlərinin qarşısını alacaq. Yeni sanksiyalara həmçinin “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib. Onların sırasında “Sepah”ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri, Hava-Kosmik Qüvvələrin komandanı Əmir Əli Hacızadə də var.

 

İrandakı siyasi və iqtisadi ekspertlərin bildirdiyinə görə, Əli Xamneyinin və onun başçılıq etdiyi qurumların dünyanın müxtəlif ölkələrində başqa-başqa adlarla yatırdığı sərmayənin ümumi məbləği 200 milyard dollar civarındadır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN