Ruhanidən gülünc bəyanat: “Koronavirus təşvişini düşmən ölkəni iflic vəziyyətə salmaq üçün yaradır”

Ruhanidən gülünc bəyanat: “Koronavirus təşvişini düşmən ölkəni iflic vəziyyətə salmaq üçün yaradır”

GünAz TV: İran prezidenti Həsən Ruhani “düşmən”in koronavirus təşvişi yaratmaqla, ölkədə həyatı iflic vəziyyətə salmaq istədiyini iddia edib.

 

O, bu sözləri Milli Koronavirusu İdarəetmə Qərargahının dünən keçirilən toplantısında deyib.

 

“Bu, düşmənin insanlar arasında təşviş yaratmaqla, ölkədə həyatı iflic vəziyyətə salmaq üçün hazırladığı məkrli planlardan biridir. Hamımız öz işimizlə məşğul olmalı, fəaliyyət göstərməli və diqqətli olmalıyıq”, - deyə Ruhani əlavə edib.

 

İran prezidenti həmçinin qeyd edib ki, Koronavirusla Mübarizə üzrə Milli Qərərgah məktəblər, universitetlər və bir qrup ictimai iaşə məkanlarının bağlanması ilə bağlı qərar qəbul etsə, bu barədə ictimaiyyətə məlumat verəcək.

 

Ruhanidən öncə “dini lider” Əli Xamneyi də koronavirusun yayılmasını “düşmən”lə bağlamışdı.

 

“Xəstəlik düşmənə ondan istifadə edərək, Milli Məclis seçkilərində seçici aktivliyini azaltmaq üçün yaxşı bəhanə oldu”, - deyə Xamneyi iddia etmişdi.

 

Buna baxmayaraq, nə Ruhani, nə də Xamneyi “düşmən”in kimliyi və iddiaları bağlı sübutları açıqlamayıblar. Koronavirus təhlükəsi səbəbindən dünyanın bir neçə ölkəsində həyat demək olar ki, iflic vəziyyətə gəlib. Dövlətlər vətəndaşlarını virusdan qorumaq üçün müxtəlif tədbirlər alıblar. Lakin İran hər zaman ölkədə baş verən prosesləri xarici “düşmən”lə bağlayır.

 

Qeyd etmək lazımdır ki, ötən günlər ərzində dövlət idarələrinin mart ayının sonuna qədər tətilə buraxılması ilə bağlı hökumətə təklif irəli sürülüb. Parlamentin Təhsil və Araşdırma Komissiyası da dövlətə məktəblərdə tətil elan edilməsi məsələsini təklif edib, lakin sonuncu buna müsbət cavab verməyib.

 

İranda koronavirusun yayılmasını Səhiyyə Nazirliyi fevralın 19-da, iki Qum sakininin vəfatından sonra etiraf etməyə məcbur olmuşdu. Ölkədə virusun daha da yayılması ilə bağlı təşviş olmasına baxmayaraq, “Mahan Air” şirkəti hələ də Çinlə uçuşlarına davam edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN