Rusiyanın “LUKOİL” şirkəti İranla əməkdaşlığını dayandırıb

Rusiyanın “LUKOİL” şirkəti İranla əməkdaşlığını dayandırıb

GünAzTV: Rusiyanın ən böyük iki neft şirkətindən olan “LUKOİL”, bəyanat yayaraq İranla əməkdaşlığını dayandırmasından xəbər verib.

 

“LUKOİL” şirkətinin rəsmilərindən biri mayın 29-da jurnalistlərə açıqlamasında bildirib ki, bu neft şirkəti, Amerikanın sanksiyalarından ehtiyatlanaraq indiki mərhələdə İranla bütün sahələrdə apardığı əməkdaşlığını dayandırmaq qərarına gəlib: “Regionda baş verən son dəyişiklikləri nəzərə alaraq, İranda apardığımız layihələrimizin necə olacağı barədə hələlik hər hansı bir fikir söyləyə bilmərik. Məhz buna görə də, indiki mərhələdə İranla əməkdaşlıqla əlaqədar bütün fəaliyyətimizi dayandırmışıq”.

 

Qeyd edək ki, Rusiyanın “LUKOİL” neft şirkəti, İranın Xuzistan əyalətinin Əhvaz şəhərinin 50 kilometrliyində yerləşən “Mənsuri” və həmin şəhərin 25 kilometrliyində yerləşən “Ab Teymur” neft yataqlarının genişləndirilməsi üçün İranla müqavilə bağlamaq üçün danışıqlar aparırdı.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

 

Tramp bildirib ki, Amerikanın bu razılaşmadan çıxmasından sonra, Vaşinqton İrana qarşı əvvəlki sanksiyaları yenidən bərpa etmək niyyətindədir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN