Rza Məlik: “ETTELAAT işçiləri məni dindirən zaman təzyiq vasitəsi kimi xanımımın sinəsinə toxunurdular”

Rza Məlik: “ETTELAAT işçiləri məni dindirən zaman təzyiq vasitəsi kimi xanımımın sinəsinə toxunurdular”

GünAz TV: Əli Fəllahiyanın nazir olduğu dövrdə ETTELAAT-ın təhqiqat şöbəsinin rəis müavini işləmiş, daha çox Rza Məlik adı ilə tanınan Rza Məkiyan sensassion açıqlamalar edib.

 

O, ötən günlər ərzində yerli insan haqları fəallarından biri ilə telefon əlaqəsi zamanı ETTELAAT Nazirliyinin qadınları əxlaqsızlığa cəlb etməklə, onları müxtəlif rəsmilərin ətrafında yerləşdirməsindən danışıb. Rza Məlik “Pərəstu”, yəni qaranquş adlanan bu qadınların Savak dövründən mövcud olduğunu, molla rejiminin də onlardan bəhrələndiyini deyib.

 

O, həmçinin həyat yoldaşının da qaranquş adlanan qadınlardan olduğunu əlavə edib. Rza Məlikin sözlərinə görə, sabiq agent və hazırda diplomat işləyən Abbas Əraqçi həmin qadını evlənmək üçün onunla tanış edib və nikah duasını Ruhullah Xomeyni oxuyub. O, amma tezliklə xanımının qaranquş olduğunu və ETTELAAT Nazirliyində hansı işdə işlədiyini öyrənib.

 

Rza Malik qeyd edib ki, ETTELAAT Nazirliyində dindirilən zaman Nazirliyin əməkdaşları onu “mənəvi sındırmaq” üçün qadınını gətirib, gözünün qarşısında dəqiqələrlə əllərini onun sinəsinə toxundurub, nalayiq hərəkətlər ediblər.

 

Rza Maliklə bağlı olan məlumatlarda qeyd edilir ki, istintaq zamanı ETTELAAT-ın müstəntiqi ona mənəvi işgəncə vermək üçün həyat yoldaşını zorla Rzadan boşandırıb, özü onunla evlənib.

 

Qeyd etmək lazımdır ki, Rza Malik İran rejiminin 1988-1998-ci illərdə həyata keçirdiyi, minlərlə insanın qətlə yetirildiyi və tarixə “silsilə qətllər” adı ilə düşən cinayətdən sonra bir çox məxfi sənədləri dərc etməyə başlamışdı. 88 səhifəlik məxfi materialı yaydıqdan sonra o, 1999-cu ildə “dövlət sirrini yaymaq”, “dini lideri təhqir etmək” və “yalan məlumatlar yaymaq” kimi ittihamlarla həbs edilmişdi.

 

O, 2015-ci ildə azadlığa çıxsa da, yenidən ETTELAAT Nazirliyinin gizli cinayətlərini ifşa etdiyinə görə, 2017-ci ildə həbs edilib və hazırda Tehranın Evin zindanında saxlanılır.

 

Rza Malik həmin dövrdə etdiyi ifşalarda bildirirdi ki, İran rejimi ETTELAAT vasitəsilə 1988-ci ildə 33.700 müxalif və siyasi məhbusu, eləcə də onların yaxınlarını öldürüb, kütləvi məzarlıqda basdırıb.

 

O, BMT-nin o vaxtki baş katibi Pan Gi Muna göndərdiyi video müraciətdə bildirirdi ki, İranın müxtəlif bölgələrində 170-lə 190 arası, bəlkə də daha çox gizli məzarlıq var. Eləcə də, təkcə Tehranda ETTELAAT-a məxsus 100-dən çox qanunsuz həbsxana və işgəncə yeri mövcuddur.

 

Videoda qeyd edilir ki, İran rejimi öz müxalifləri və siyasi məhbuslara qarşı həyata keçirdiyi qətliam nəticəsində ölənləri həmin gizli məzarlıqda basdırıb. Ailələrinin öz yaxınlarının cəsədini tapa bilməmələri üçün çox dərin qazılan bu kütləvi məzarlıqlarda cəsədlərin üzərinə böyük həcmdə beton tökülüb, məkanı aşkar edəcək bütün əlamətlər məhv edilib. Qətlə yetirilib, həmin məzarlıqlarda basdırılanlar arasında 11-12 yaşlarında uşaqlar və hamilə qadınlar da var.

 

Rza Malik müraciətdə bildirir ki, bütün bu cinayətləri edənlər özünü islam dininin müdafiəçiləri adlandıran İran rejiminin rəhbərləri və onların repressiya aləti olan ETTELAAT Nazirliyidir.

 

Videoda vurğulanır ki, 1988-ci ildə bir neçə gün içərisində edam edilmiş 33.700 nəfər günahsız insan İran molla rejiminin və “dini lider”inin necə qaniçən və qəddar olduğunun bariz nümunəsidir.

 

O, bu videoda həmçinin Əli Xamneyinin necə “dini lider” seçilməsi, İran xüsusi xidmət orqanlarının ölkənin xarici siyasətində və beynəlxalq terrorizmin inkişafında rolu, işgəncələr və digər bu mövzulardan da söhbət açmışdı.

 

Ə.A 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN