Salehi: “Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsini, ölkəmizə qarşı müharibə elan edilməsi kimi qəbul edəcəyik”

Salehi: “Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsini, ölkəmizə qarşı müharibə elan edilməsi kimi qəbul edəcəyik”

GünAzTV: Oktyabrın 11-də nüvə sazişi və regional məsələlər barədə danışıqlar aparmaq üçün Londona səfər edən İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi, jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın “Sepah”ı terrorçu qruplar siyahısına salması ehtimalından danışıb.

 

Salehi bildirib ki, əgər Amerika “Sepah”ı terrorçu bir qrup kimi tanısa, İranın buna reaksiyasi sərt olacaq: “Əgər bu xüsusda deyilənlər gerçəkləşdirilsə, bunu Amerika hökumətinin İran millətinə qarşı düşmənçiliyinin nişanəsi kimi hesab edəcəyik. Hər bir ölkənin ordusu və silahlı qüvvələri onun milli təhlükəsizliyinin qorunub saxlanılmasının zaminidir. “Sepah” da ölkəmizin təhlükəsizliyini qoruyan bir qüvvədir. Məhz buna görə də, Amerikanın “sepah”ı  terrorçu qruplar siyahısına daxil etməsini, ölkəmizə qarşı müharibə elan edilməsi kimi qəbul edəcəyik.

 

Aydın məsələdir ki, İran İslam Respublikası Amerika hökumətinin bu istiqamətdə atacağı addımını və ya onun rəftarını nəzərə alaraq bu barədə lazımi qərarı verəcək”.

 

Qeyd edək ki, ABŞ prezidenti hər 90 gündən bir, İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir. Bəzi Qərb ekspertlərinin bildirdiyinə görə, Trampın həmin hesabatda “Sepah”ı terrorçu qruplar siyahısına salması ehtimalı böyükdür.

 

ABŞ rəsmilərinin bildirdiyinə görə, Tramp, Vaşinqtonun İranla bağlı yeni strategiyasını, ölkəsinin nüvə sazişi ilə bağlı mövqeyini və onun bu sazişdə qalıb-qalmayacağını oktyabrın 15-də açıqlayacaq.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN