“Sepah”: “Amerika İrana hücum etsə, onun taleyi Səddam Hüseynin taleyinə oxşar bir şey olacaq”

“Sepah”: “Amerika İrana hücum etsə, onun taleyi Səddam Hüseynin taleyinə oxşar bir şey olacaq”

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusu “Sepah”, mayın 23-də Amerikanın İrana qarşı mümkün hərbi hücumu barədə bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, əgər Amerika İrana qarşı hərbi hücuma keçsə, bu ölkənin hərbi qüvvələri İraqın keçmiş prezidenti Səddam Hüseynin gününə düşəcək: “Amerika rəhbərləri bizim bu mesajımızı yaxşı başa düşüblər. Onlar bilirlər ki, ölkəmizə qarşı belə bir addım atsalar, onların taleyi Səddam Hüseynin taleyinə oxşar  bir şey olacaq və ondan heç də fərqlənməyəcək. Bizim silahlı qüvvələrimizin İran-İraq müharibəsindən öyrəndiyi bir şey var. O da budur ki, heç vaxt strateji bir səhvə yol verməməlidirlər”.

 

Həmin gün İranın müdafiə naziri Əmir Hatəmi jurnalistlərə açıqlamasında bildirib ki, İran hökuməti heç bir ölkənin onun müdafiə işlərinə və apardığı raket proqramına müdaxilə etməsinə imkan verməyəcək: “İran İslam Respublikasının müdafiə gücü və onun raketləri, düşmənə qarşı ən mühüm qabaqlayıcı faktorlardan biri sayılır. Aydın məsələdir ki, ölkəmizə qarşı göstərilən bütün təzyiqlərə baxmayaraq, biz bu müdafiə qabiliyyətimizin gündən-günə gücləndirilməsinə çalışacağıq”.

 

İranın müdafiə naziri Əmir Hatəmi

 

Xatırladaq ki, mayın 21-də “Heritage” Fondunda çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo, ölkəsinin İranla bağlı yeni strategiyasından danışaraq, İranla yeni bir nüvə sazişi imzalanması  üçün, Vaşinqtonun rəsmi Tehranın qarşısında qoyduğu 12 şərtini açıqlayıb:

 

İran, özünün hərbi və nüvə proqramı üzrə bu günə qədər apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına qoymalı, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır. İran, uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.

 

İran, nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır. İran, bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.

 

Bundan başqa, İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır. İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiber hücumlarını dayandırmalıdır”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN