“Sepah”ın baş komandanı Pakistanı təhdid etdi

“Sepah”ın baş komandanı Pakistanı təhdid etdi

GünAz TV: “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri fevralı 13-ü axşam saatlarında Sistan və Bəlucistan əyalətində “Sepah”ın sərhəd qüvvələrinə qarşı baş tutmuş intihar hücumunə görə Pakistanı təhdid edib.

 

O bildirib ki, “əgər Pakistan terroristlərlə mübarizədə öz öhdəliklərinə əmək etməsə, İran region və qeyri-region ölkələrinin xüsusi xidmət orqanları tərəfindən təşkilatlandırılmış muzdluları cəzalandıracaq”.

 

Məhəmmədəli Cəfəridən öncə də İranın xarici işlər naziri Məhəmmədcavad zərif, “dini lider” axund Əli Xamneyi, prezident Həsən Ruhani və digər yüksək rəsmilər baş vermiş hadisəyə münasibət bildirərkən region ölkələrinin, eləcə də Amerika və İsrailin xüsusi xidmət orqanlarını bu hücuma görə ittiham etmişdilər.

 

Məhəmmədəli Cəfəri çıxışı zamanı Pakistanı silahlılara “sığınacaq verməkdə” günahlandırıb və bildirib ki, “Əgər Pakistan İran sərhəddinə təhdid olan bu terroristlərlə tam ciddiyyətlə mübarizə aparmasa, İran beynəlxalq hüquq və prinsiplərə əsasən, qonşu ölkə ərazisində özünə qarşı mövcud olan təhdidlərlə mübarizə haqqından istifadə edəcək”.

 

Xatırladaq ki, fevralın 13-ü axşam saatlarında Sistan və Bəlucistan əyalətinin Xaş bölgəsində “Sepah” üzvlərini daşıyan avtobusa qarşı baş tutmuş intihar hücumunda azı 27 “Sepahçı” ölmüş, 13 nəfər isə yaralanmışdı. Hadisədən bir müddət sonra “Ceyşul ədl” (Ədalət ordusu-red) hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürmüşdü.

 

Hücumdan qısa müddət sonra İranın xarici işlər naziri Məhəmmədcavad Zərif öz şəxsi “twitte” səhifəsində Qərbi və Amerikanı bu hadisəni törədən silahlıları dəstəkləməkdə ittiham etmişdi. Zərifin ittihamlarına cavab verən ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo onun bu ittihamlarını “hayasızcasına deyilmiş sözlər” adlandırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN