"Sepah" qadın fəalı cinsi təcavüzlə təhdid edib- 1200 saat ağlasığmaz işgəncə və təhdidlər... FOTO

GünAz TV: Ətraf mühit aktivistlərinə qarşı açılmış cinayət işində 2-ci dərəcəli müttəhim kimi tanınan Nilufər Bəyaninin "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsinin onu dindirdiyi ümumilikdə azı 1200 saat ərzində başına gələnlərlə bağlı yazdığı məktublar məcmuəsi mediaya yol açıb.

 

Fevral ayının əvvəllərində yazdığı məktublardan birində xanım Bəyani bildirib ki, "Sepah"ın müstəntiqləri saxta etiraf videosu çəkmək üçün ona ağır psixoloji təzyiqlər göstərib, hətta dediklərini yerinə yetirmədiyi təqdirdə, onu fiziki işgəncələrə məruz qoyacaqları və zorlayacaqları barədə təhdid ediblər. "Sepah" işçiləri həm də xanım aktivisti vəhşi heyvanların səsini çıxamağa məcbur etməklə, onu təhqid edib, dediklərini yerinə yetirməsə, ona iflic edici iynələr və ya hava emboliyası (öldürücü iynə-red.) vuracaqlarını deyiblər.

 

"Sepahçılar" tutulduqdan bir neçə gün sonra təcridxanada müəmmalı şəkildə ölən və İran rəsmiləri tərəfindən intihar etdiyi iddia edilən digər ekoaktivist Kavus Seyyidimaminin meyidinin şəklini Nilufər Bəyaniyə göstərərək bildiriblər ki, əgər onların dediklərini etməsə, özünün, həmkarlarının və ailə üzvlərinin aqibəti də bu cür olacaq.

 

Xanım Bəyani 2019-cu ilin fevral ayının 11-də "dini lider" Əli Xamneyiyə yazdığı məktubda isə qeyd edir ki, 7 silahlı "sepahçı" ilə Tehran əyalətinin Şimiranat rayonunun Ləvəsan şəhərində bir villaya aparılıb. Burada imtina etməsinə baxmayaraq, "sepahçılar" onu həmin məmurların hovuzda etdikləri əxlaqsız və "islama zidd" hərəkətlərinə baxmağa məcbur ediblər. Bu məktub aktivist xanımın İran İslam Respublikası rəsmilərinə öz vəziyyəti ilə bağlı yazdığı, amma cavabsız qalan çoxsaylı məktublardan biridir.

 

O, 16 yanvar 2019-cu il tarixində "Sepah"ın Evin həbsxanasındakı 2A təcrixanasının rəhbəri Hüseyni soyadlı şəxsə yazdığı məktubda deyir: "Müstəntiqlərdən ibarət böyük istintaq qrupunun müstəntiqləri mənə qarşı davamlı olaraq cinsi təhqirlərə yol verirlər. Onlar mənim üzərimdə öz ürəkbulandıran seksual fantaziyalarını necə həyata keçirəcəklərini danışırlar və məni də onların fantaziyalarını tamamlamağa məcbur edirlər. Hər dəfə bununla bağlı məsullara şikayətimi ünvanladıqdan sonra təzyiqlər, təhdid və təhqirlər ikiqat olur. Onlar ölkə siyasi sistemini daha da inadkarlığa vadar etmə deyə mənə xəbərdarlıq edirlər."

 

 

Xanım Bəyani cari ilin fevral ayında yazdığı məktubda baş müstəntiqin cinsi təcavüzlə bağlı təhdidinin reallaşdıracağından qorxduğunu, buna görə də, hər an özünü təhlükədə hiss etdiyini bildirib və rəsmilərdən kömək istəyib.

 

Aktivist 24 yanvar 2019-cu ildə o vaxt Məhkəmə Sisteminin rəhbəri olan Sadiq Laricaniyə yazdığı məktubda isə qeyd edir ki, "sepahçı"lar ona deyiblər ki, "Sepah"ın əvvəlcədən təyin etdiyi hökmə uyğun olmayan qərar çıxaran "hakimin ağzını-burnunu dağıdarıq".

 

Adının açıqlanmasını istəməyən iranlı rəsmilərdən biri də media orqanlarına bildirib ki, xanım Bəyani o dövr Tehranın prokuroru olan Abbas Cəfəri Dövlətabadiyə etiraf videosunun işgəncə və təhdidlər altında çəkildiyini, həqiqəti yansıtmadığını deyib. Prokuror isə ona etirafları geri götürmək səlahiyyətinin olmadığını bildirib.

 

Xatırladaq ki, 8 iranlı ətraf mühit fəalı 2018-ci ilin fevral ayında “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən həbs edilib. Onlarla birgə saxlanılan universitet dosenti və digər ekoloji aktivist Kavus Seyyidimami isə “Sepah”ın təcridxanasına şübhəli şəkildə ölmüşdü. Həmin ilin fevral ayının 10-da “Sepah” Kavus Seyyidimaminin ailəsinə onun təcridxanada “intihar” etdiyi barədə məlumat vermişdi. Ailəsi isə bunu rədd edir, fəalın “Sepah” əməkdaşları tərəfindən öldürüldüyünü deyir. Cari ilin fevral ayının 18-də keçirilmiş apellyasiya məhkəməsi onlara qarşı ümumilikdə çıxarılmış 58 il həbs cəzasını dəyişmədən qüvvədə saxlamışdı.

 

Xanım Bəyani məhkəmə zamanı etdiyi çıxışda da ona və digərlərinə qarşı casusluq ittihamlarının əsassız olduğunu, bu ittihamı təsdiq edəcək heç bir sənəd və sübutun olmadığını bəyan edib. O, etiraf videosunun çəkilməsi üçün "Sepah" tərəfindən ağlasığmaz psixoloji təzyiqlər və cinsi təcavüzlə bağlı təhdid edildiyini bir daha dilə gətirib. "Sepahçılar" həmçinin xanım aktivisti edam, 8 aylıq təkadamlıq kamera, tamamilə təcrid olunaraq gecə-gündüz 9 saatdan 12 saata qədər sürəcək istintaq, ayaq üstə, gözü bağlı fırlanaraq və ya oturub-duraraq uzun müddətli ifadə vermək və bu kimi olmazın işgəncələrlə təhdid etməklə yanaşı, onun özü və ailə üzvlərinə qarşı ən kəskin ifadə və söyüşlərlə təhqirlər yağdırıblar. Nilufər Bəyani çıxışında həmçinin qeyd edib ki, "sepahçılar" onu etiraf videosunu çəkməyə məcbur etmək üçün 70 yaşlı atasını və anasını həbs edəcəklərini deyib, işgəncə alətlərini ona göstərib, işgəncə və edam zamanı çəkilən ağrı-acıdan ona danışıb və digər bu kimi insanlığa sığmayan hərəkətlərə yol veriblər. Ekoaktivist dindirmələrdən biri zamanı müstəntiqin stuluna çoxsaylı təpiklər vurduğunu, bu səbəbdən də belində ağrıların yarandığını deyib. Xanım Bəyaninin sözlərinə görə, bir dəfə də ruhani geyimində olan bir şəxs gəlib, ona iki günə 70 şallaq zərbəsi ilə 1 günə 50 şallaq zərbəsi arasında birini seç deyib. Həmin ruhani işgəncə vermək üçün "Sepah"ın Kəşfiyyat İdarəsinin rəhbəri Hüseyn Taibin ona səlahiyyət verdiyini bildirib.

 

Hüseyn Taib

 

Xanım Nilufər Bəyani məhkəmə prosesi zamanı "Sepah"ın ona verdiyi digər işgəncələr və təhdidlərlə bağlı başqa faktları da dilə gətirib. Bununla belə, "Sepah"ın sifarişi əsasında həmin 8 fəalın apellyasiya məhkəməsi onlara qarşı saxta ittihamlarla çıxarılmış hökmü eynilə qüvvədə saxlayıb.

 


Digər tərəfdən, Həsən Ruhani hökumətinin bəzi rəsmiləri, eləcə də ETTELAAT Nazirliyi fəallara qarşı “casusluq” kimi çıxarılmış ittihamları əsassız adlandırır və onların günahsız olduğunu bildirirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN