“Sepah” rəsmisi: “Amerikanın hərbi bazalarına hücum böyük bir əməliyyatın başlanğıcı idi. Əməliyyat davam edəcək”

“Sepah” rəsmisi: “Amerikanın hərbi bazalarına hücum böyük bir əməliyyatın başlanğıcı idi. Əməliyyat davam edəcək”

GünazTV: “Sepah” terror təşkilatının hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə yanvarın 9-da jurnalistlərə açıqlamasında İranın İraqda Amerikanın hərbi bazalarına qarşı gerçəkləşdirdiyi raket hücumundan danışıb.

 

Hücumda “onlarla amerikalı hərbçinin öldürüldüyü” iddiasını yenidən təkrar edən Hacızadə deyib ki, “Sepah”ın Amerika qüvvələrinə qarşı “böyük əməliyyatı” bütün regionda davam etdiriləcək: “Biz bu hücumda heç kəsi öldürmək niyyətində olmamışıq. Lakin buna baxmayaraq, keçirdiyimiz əməliyyatda onlarla insan ölüb və ya yaralanıb. Sözsüz ki, ölənlərin sayı hökmən bəlli olacaq.

 

Biz, Amerikanın İraqdakı hərbi bazalarına 13 raket atdıq. Lakin yüzlərlə raketi atmaq üçün hələ bir-iki saat qabaqdan tam hazırlaşmışdıq. Amerikalılar bizim şilləmizi gözləyirdilər və məhz buna görə də onlar ilk şilləni yeyəndən sonra bir az dinc oturdular. 

 

Dediyim kimi, biz bu əməliyyatda heç kəsi öldürmək fikrində olmamışıq. Əgər niyyətimiz öldürmək olsaydı, əməliyyatı elə planlaşdırardıq ki, ilk addımda 500 nəfərin ölümünə səbəb olardı. Sonra əgər amerikalılar bizə cavab qaytarsardılar, o zaman vəziyyət tam dəyişərdi və biz mülahizələrimizi kənara qoyardıq. Belə olan halda isə, əməliyyatın ikinci və üçüncü mərhələsində amerikalılar 48 saat ərzində 4-5 min itki verə bilərdilər” –deyə, “Sepah” terror təşkilatının hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə əlavə edib.

 

Hacızadə, “Sepah”ın regionda Amerika və onun müttəfiqlərinə qarşı “böyük əməliyyat”ın hansı yollarla davam etdirəcəyini açıqlamayıb.

  

Qeyd edək ki, “Sepah” terror təşkilatı yanvarın 8-i saat 02:00 radələrində Amerikanın İraqdakı iki hərbi bazasına onlarla raketlə hücum edib. Hücumda, Amerika hərbi qüvvələrinin yerləşdiyi “Eynül Əsəd” hərbi bazası və İraq Kürdüstanının Ərbil şəhərində yerləşən daha bir bazası hədəfə alınıb.

 

 

Hücumdan sonra, “Sepah” bəyanat yayaraq bildirib ki, “Sepah”ın “Qüds” briqadasının Bağdadda öldürülmüş komandanı Qasım Süleymaninin qisasını almaq üçün Amerikanın İraqdakı hərbi bazalarına onlarla raket atıb: “Bir daha Amerikaya xəbərdarlıq edirik ki, onun hər hansı bir təcavüzkar yeni addımına daha kəskin və dağıdıcı cavab verəcəyik. Biz, həmçinin öz hərbi bazalarını Amerikanın ixtiyarına qoyan region ölkələrinə xəbərdarlıq edir, bildiririk ki, düşmənin bizə qarşı hər hansı bir təcavüzkar addımına şərait yaradan istənilən ölkə, islam respublikasının hədəfinə çevriləcək” –deyə, bəyanatda bildirilir.

 

 

Xatırladaq ki, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq məhv edilib. Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN