“Sepah” rəsmisi: “Bizim 2 min kilometrdən çox məsafə qət edən raketlər istesal etmək üçün heç bir məhdudiyyətimiz yoxdur”

“Sepah” rəsmisi: “Bizim 2 min kilometrdən çox məsafə qət edən raketlər istesal etmək üçün heç bir məhdudiyyətimiz yoxdur”

GünAzTV: “Sepah”ın hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə dekabrın 10-da Tehranın “Elm və Sənət” Universitetində keçirilən bir tədbirdə çıxış edərək, İran raketlərinin gücünün artırılmasından və Amerikanın bölgədəki hərbi bazalarından danışıb.

 

O bildirib ki, İran istədiyi vaxt istehsal etdiyi raketlərin qət etdiyi məsafəni artıra, inkişaf etdirə bilər: “Hazırda bizim istehsal etdiyimiz raketlər 2 min kilometr məsafəni qət etmək gücünə malikdir. Bu isə islam respublikasının mövcud ehtiyacına uyğun təyin edilib. Lakin lazım olarsa, bizim 2 min kilometrdən çox məsafə qət edən raketlər istesal etməyə heç bir məhdudiyyətimiz yoxdur. Düşmənin regiondakı hərbi bazalarına gəlincə, demək olar ki, onların bir çoxu bizim 300, 400, 700 və 800 kilometrliyimizdə yerləşir və raketlərimizin hədəfindədirlər”.

 

Qeyd edək ki, Əmirəli Hacızadə 3 həftə əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, Amerikanın Əfqanıstanda, Birləşmiş Ərəb Əmirliklərində və Qətərdəki hərbi bazaları, eləcə də onun körfəzdə qırıcı təyyarələr daşıyan hərbi gəmiləri İran raketlərinin hədəfindədir.

 

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo dekabrən 1-də bəyanat yayaraq, İranın son vaxtlar sınaqdan keçirdiyi yeni orta mənzilli ballistik raketindən danışıb. O bildirib ki, İranın sınaqdan keçirdiyi yeni ballistik raketi Orta Şərqi və Avropanın müəyyən bir hissəsini hədəfə ala bilər: “Bizdə olan məlumata əsasən, İran nüvə başlığı daşımağa qadir olan orta mənzilli yeni bir ballistik raket sınaqdan keçirib. Bu isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsinə zidd addımdır”.

 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN