“Sepah” resmisi: “İntiqam almaq, “Sepah”ın gündəmindədir, lakin yeri və nöqtəsi açıqlanmır”

“Sepah” resmisi: “İntiqam almaq, “Sepah”ın gündəmindədir, lakin yeri və nöqtəsi açıqlanmır”

GünAzTV: “Sepah”ın baş komandanının canişini Hüseyn Səlami iyunun 8-də dövlət televiziyasına açıqlamasında İran parlamentində və Xomeyni məqbərəsində baş vermiş teraktlardan və Səudiyyə Ərəbistanından danışıb.

 

Hüseyn Səlami bildirib ki, İran İslam Respublikasının iki mühüm qurumuna edilən silahlı hücumlar, Səudiyyə Ərəbistanı, Amerika və İsrailin Ər-Riyadda hazırladığı birgə planı əsasında həyata keçirilib: “İntiqam almaq, “Sepah”ın ciddi gündəmindədir, lakin yeri və nöqtəsi gizli saxlanılır, açıqlanmır. Bu planı həyata keçirməkdə məqsəd, bölgədə məğlubiyyətlərlə üz-üzə qalan regional düşmənlərimizin İranın siyasi gücünə və onun təhlükəsizliyinə zərbə vurmaq idi.

 

Biz, son dərəcə güclüyük, əlimiz də hər yerə çatır. Bizim milli təhlükəsizlik məsələsində heç kəslə zarafatımız yoxdur və bu terror hadisəsinin səbəbkarlaından və onun amillərindən intiqamımızı alacağıq. Bu gün, İran İslam Respublikası bölgədə baş verən münaqişələrdə təşəbbüsü ələ alıb. Biz region dəyişikliklərini təyin edən tərəfik və məntəqədəki siyasi münaqişələrin həlli bizdən asılıdır.

 

Bütün bu illər ərzində biz od-alov içində öz təhlükəsizliyimizi qoruyub saxlamağı, onu təmin etməyi bacardıq. Bu, gələcəkdə də belə olacaq və biz bu sahədə ciddi işlər görəcəyik. Mühüm olan, bir şeyi bilməyimiz lazımdır. Oda budur ki, bizim dünya səviyyəsində fəaliyyət aparan və son dərəcə rəhimsiz və qəddar olan potensial düşmənlərimiz var.

 

Biz, imkan daxilində regionda ixtiafların böyüməsinin, nifaqın yayılmasının qarşısını almağa çalışırıq. Lakin əgər kimsə bizim milli təhlükəsizliyimizi pozmağa çalışacaqsa, onda dünyanın heç bir yerində düşmənlərimizə dinc və təhlükəsiz bir yer qoymayacağıq. Dünya birliyi, “Sepah”ın dediyi sözlə əməlin bir olduğunu görüb. Dünya bilir ki, “Sepah” əgər söz dedisə, ona mütləq əməl edəcək. Elə buna görə də düşmənlərə tövsiyə edirəm ki, özlərindən çox muğayat olsunlar və öz rəftar və hərəkətlərinin aqibəti haqda düşünsünlər”.

 

İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda olan Xomeyni məqbərəsinə qarşı silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə parlament binasının şimal hissəsindəki korpuslardan birinə qaçaraq 4-cü mərtəbədə mövqe tutub atışmanı 5 saata qədər davam ediblər.

 

Eyni hadisə,Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsinə də edilib. Bir neçə silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan birinin isə özünü partlatdığı bildirilir. Hər iki olayda 17 nəfərin öldüyü, 37 nəfərin isə yaralandığı bildirilir.  

 

İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN