“Sepah” rəsmisi Trampın təklifinə reaksiya verdi: “Amerika ilə müzakirə aparmayacağıq”

“Sepah” rəsmisi Trampın təklifinə reaksiya verdi: “Amerika ilə müzakirə aparmayacağıq”

GünazTV: “Sepah” terror təşkilatının baş komandanının siyasi məsələlər üzrə müavini Yədullah Cəvani mayın 10-da jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın İran rəhbərlərinə onunla əlaqə saxlamaq üçün irəli sürdüyü təklifinə reaksiya verib.

 

O bildirib ki, Tehranla Vaşinqton arasında hər hansı bir müzakirə aparılmasından söhbət gedə bilməz: “Güman edirəm ki, amerikalılar bizə qarşı hərbi addım atmağa cəsarət etməyəcəklər. Biz onlarla müzakirə aparmayacağıq. Ötən il Tramp komandası elə təsəvvür edirdi ki, İranda hərc-mərclik yaranacaq və biz sistemin çökməsindən ehtiyatlanaraq, onlarla danışıqlara razılıq verəcəyik. Lakin əməldə bu baş vermədi.

 

Bu il isə, amerikalılar bir tərəfdən “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etdilər, digər tərəfdən də özlərinin “USS Abraham Lincoln” təyyarə daşıyan gəmilərini bölgəyə göndərərək, bizə qarşı bir növ hərbi leksikondan istifadə etməyə üstünlük verdilər. Lakin bütün bunlara baxmayaraq, bir daha bildirirəm ki, biz Amerika ilə hər hansı bir müzakirə aparmayacağıq” –deyə Yədulla Cəvani əlavə edib.

 

Xatırladaq ki, Tramp mayın 9-da jurnalistlərə açıqlamasında İran rəhbərləri ilə üz-üzə oturub danışıqlar aparmağa hazır olmasından danışıb: “Mən nüvə sazişindən çıxandan sonra iranlıların iqtisadiyyatı çox ağır və bərbad günə düşüb. Eşitdiyimə görə, İranda inflyasiya səviyyəsi çox yüksəkdir. Ölkənin müxtəlif bölgələrində hər həftənin sonu etirazlar və üsyanlar baş verir. Bəzən həftənin bütün günlərində də belə etirazlar davam edir. İran rəhbərlərinin  görməli olduğu yeganə iş odur ki, mənimlə əlaqə saxlasınlar, bir-birimizlə oturub danışıqlar aparaq. Biz ədalətli bir sazişə nail ola bilərik.

 

 

Bizim istədiyimiz yalnız odur ki, onların nüvə silahı olmasın. Bu isə böyük bir tələb deyil. Biz İrana xəsarət yetirmək istəmirik. Biz onlara (İrana) yardım etmək istəyirik ki, normal duruma qayıda bilsinlər. Mənim istəyim odur ki, iranlılar güclü və əzəmətli olsunlar və onların güclü iqtisadiyyatı olsun. Hesab edirəm ki, onlar mənimlə əlaqə saxlamalıdırlar. Onlar bunu etsələr, biz onlarla danışıqlar aparmağa hazırıq”- deyə Tramp əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN