Sərmayə bankının rəhbər şəxsləri 20 il həbs və 74 şallağa məhkum ediliblər.

Sərmayə bankının rəhbər şəxsləri 20 il həbs və 74 şallağa məhkum ediliblər.

GünAz TV: İran məhkəmə orqanlarının yaydığı məlumata görə, Sərmayə bankının sabiq rəhbər şəxslərinin hər biri 20 il müddətində həbs ediliblər.

 

Məhkəmənin çıxardığı hökmdə bankın sabiq icraçı direktoru Əli Bəxşayış, idarə heyətinin sədri və keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Pərviz Kazımi, bankın hüquq şöbəsinin üzvü Məhəmmədrza Təvəssülü hər biri 20 il həbs və 74 şallaq cəzasına məhkum edilməklə yanaşı, ömürlük olaraq dövlət qulluğunda vəzifə tutmaqdan məhrum ediliblər.

 

Bir müddət öncə qeyd edilən bankda baş vermiş maliyyə pozuntularının ümumi miqdarının 29 trilyon riyal olduğu elan edilmişdi. Daha sonra cinayət işinin iqtisadi sistemdə anomaliya yaratmaqda ittiham edilən əsas müttəhimləri girov müqabilində azadlığa buraxılmışdılar.

 

Sərmayə bankı, eləcə də Hüseyn Hidayətinin cinayət işində əsas adı keçən müttəhimlərdən olan Əliəkbər Yəqini də girov müqabilində azadlığa buraxılmışdı. Lakin hazırda məhkəmə orqanları onun ölkədən qaçdığını bildirirlər.

 

Yayılan məlumatlarda cinayət işində adı keçən digər şəxslərin də məhkəmə iclasının gələcəkdə keçiriləcəyi bildirilir.

 

Qeyd etmək lazımdır ki, İran rejiminin məmurlarının böyük hissəsi öz korrupsioner fəaliyyətləri ilə məşhurdurlar. Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo öz şəxsi “Twitter” səhifəsində “İran məmurları xalqa kömək etmək əvəzinə kəskin korrupsiyaya bulaşıblar” başlıqlı status yayımlamışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN