Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı artıb

Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı artıb

GünAz TV: Şərqi Azərbaycan Əyalətində yol qəzaları və qəzalarda ölənlərin sayı ildən-ilə artır.

 

Şərqi Azərbaycan Əyaləti Yol və Nəqliyyat İdarəsinin rəisi cari ilin əvvəlindən (İranda yeni il Novruz bayramında başlayır) mayın 28-dək əyalətdə 79 nəfərin yol qəzalarında öldüyünü bildirib.

 

Orucəli Əlizadə bu barədə iyunun 4-də yol-nəqliyyat hadisləri ilə bağlı keçirilən tədbirdə danışıb.

“Əyalətdə yol qəzaları artıb. Məsələn ötən il yollarda baş verən qəzaların sayı bir il əvvəllə müqayisədə 26.7 faiz artım göstərir. Cari ilin əvvəlindən mayın 28-dək 79 nəfər yol qəzalarında həyatını itirib. Bu rəqəm də ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım göstərir.”- deyə o bildirib.

 

Şərqi Azərbaycanın baş verən yol qəzalarının sayı baxımından ölkədə 6-cı əyalət olduğunu deyən O.Əlizadə yol-nəqliyyat hadisələri və qəzalarda ölənlərin sayını azaltmaq üçün bütün səlahiyyətli orqanları tədbir almağa çağırıb.

 

Tədbirdə Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi də mövzu ilə bağlı çıxış edib. Yol-nəqliyyat hadisələrində ölənlərin sayının olduqca çox olduğunu bildirən vali qəzaların səbəbi və baş verən insan tələfatı haqda dəqiq raport hazırlanmasını tələb edib.

 

Şərqi Azərbaycan valisi vurğulayıb ki, səlahiyyətli orqanlar yol-nəqliyyat hadisələrini azatmaq üçün ciddi addımlar atmalı, onlar bu istiqamətdə uğur əldə edən ölkələrin təcrübəsindən istifadə etməlidir.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə önləyici tədbirlər almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN