Səudiyyə Ərəbistanı İranın İraqda Amerikanın hərbi bazalarına qarşı raket hücumunu pisləyib

Səudiyyə Ərəbistanı İranın İraqda Amerikanın hərbi bazalarına qarşı raket hücumunu pisləyib

GünazTV: Səudiyyə Ərəbistanı hökuməti yanvarın 9-da bəyanat yayaraq, İranın İraqda Amerikanın hərbi bazalarına qarşı raket hücumunu pisləyib.

 

Bəyanatda bildirilir ki, “Sepah”ın İraqda Amerikanın iki hərbi bazasına qarşı raket hücumu bu ölkənin (İraqın) milli hakimiyyətini pozub və İranın bu addımı qəbuledilməzdir.

 

Qeyd edək ki, İraqın yüksək vəzifəli rəsmiləri, o cümlədən də bu ölkənin baş naziri, prezidenti və parlament sədri İranın son raket hücumunu pisləyiblər. İraq rəhbərliyi bildirib ki, münaqişə tərəflərinin (İran və Amerika) İraq ərazisini savaş meydanına çevrilməsi yolverilməzdir. 

 

 

“Sepah” terror təşkilatı yanvarın 8-i saat 02:00 radələrində Amerikanın İraqdakı iki hərbi bazasına onlarla raketlə hücum edib. Hücumda, Amerika hərbi qüvvələrinin yerləşdiyi “Eynül Əsəd” hərbi bazası və İraq Kürdüstanının Ərbil şəhərində yerləşən daha bir bazası hədəfə alınıb.

 

Hücumdan sonra, “Sepah” bəyanat yayaraq bildirib ki, “Sepah”ın “Qüds” briqadasının Bağdadda öldürülmüş komandanı Qasım Süleymaninin qisasını almaq üçün Amerikanın İraqdakı hərbi bazalarına onlarla raket atıb: “Bir daha Amerikaya xəbərdarlıq edirik ki, onun hər hansı bir təcavüzkar yeni addımına daha kəskin və dağıdıcı cavab verəcəyik. Biz, həmçinin öz hərbi bazalarını Amerikanın ixtiyarına qoyan region ölkələrinə xəbərdarlıq edir, bildiririk ki, düşmənin bizə qarşı hər hansı bir təcavüzkar addımına şərait yaradan istənilən ölkə, islam respublikasının hədəfinə çevriləcək” –deyə, bəyanatda bildirilir.

 

 

Xatırladaq ki, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq məhv edilib. Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN