Səudiyyə Ərəbistanı Kralı: “Aramco-ya qarşı hücum cinayətkar bir addım idi”

Səudiyyə Ərəbistanı Kralı: “Aramco-ya qarşı hücum cinayətkar bir addım idi”

GünazTV: Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, sentyabrın 20-də qatıldığı bir tədbirdə bu ölkənin dövlət neft şirkəti olan Aramko neft təsisatlarına qarşı edilən dron hücumlarına münasibət bildirib.

 

Öz açıqlamasında İranın adını çəkməyən Kral Salman deyib ki, bu ölkənin neft təsisatlarına hücum regionun sabitliyini pozur, onu təhlükə ilə üz-üzə qoyur: “Aramco neft təsisatlarına qarşı həyata keçirilən dron hücumları cinayətkar bir addım idi. Bu hücumlar bölgənin təhlükəsizliyini təhlükəyə salır və qəbuledilməzdir” –deyə Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud bəyan edib.

 

Bildirilir ki, Səudiyyə Ərəbistanı hökuməti hücumların mənşəyi ilə bağlı aparılan araşdırmaların yekun nəticələri elan edildikdən sonra bu barədə rəsmi mövqeyini açıqlayacaq. Rəsmi Ər-Riyad bildirib ki, xarici düşmən qarşısında öz təhlükəsizliyini qorumaq üçün lazım olan bütün tədbirləri görəcək.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN