Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumda istifadə edilən İran raket və dronlarının qalıqları nümayiş etdirilib - FOTOLAR

Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumda istifadə edilən İran raket və dronlarının qalıqları nümayiş etdirilib - FOTOLAR

GünazTV: Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Torki əl-Maliki sentyabrın 18-də jurnalistlərlə görüşündə bu ölkənin neft təsisatlarına qarşı hücumda istifadə edilən İran raket və dronlarının qalıqlarını nümayiş etdirib.

 

İranın bir kruz raketi ilə bir neçə pilotsuz uçan aparatının qalıqlarını media nümayəndələrinə nümayiş etdirən Torki əl-Maliki deyib ki, İranın Səudiyyə Ərəbistanının neft təsisatlarına hərbi təcavüzü danılmazdır və bu qalıqlar bunu sübut edir: “Aramco neft təsisatlarına qarşı edilən hücumda 18 pilotsuz uçan aparatdan və 7 kruz raketindən istifadə edilib. İstifadə edilmiş dronlar arasında “Delta Ving” pilotsuz uçan aparatları və İranın “Ya Əli”raketinin qalıqları da var. Hücumlar isə şimal istiqamətindən həyata keçirilib və şübhəsiz ki, İran tərəfindən dəstəklənib.

 

Aparılan bütün araşdırmalar göstərir ki, bu hücumların arxasında İran durur. Həmçinin mövcud dəyərləndirmələrə görə bu hücumlar Yəmən ərazisindən gerçəkləşdirilməyib. Bunda heç bir şübhə yoxdur. Artıq hücumlarla bağlı bütün dəlil-sübutlar sizin qarşınızdadır və bu inkaredilməzdir” –deyə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin sözçüsü Torki əl-Maliki əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

 

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN