Səudiyyə rəsmisi: “Körfəzdə neft tankerlərinə qarşı hücumlara kəskin cavab verilməlidir”

Səudiyyə rəsmisi: “Körfəzdə neft tankerlərinə qarşı hücumlara kəskin cavab verilməlidir”

GünazTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri İbrahim Əbdüləziz Əl-Əssaf, mayın 29-da Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında çıxış edərək, körfəzdə neft tankerlərinə qarşı həyata keçirilən son bombalı hücumlardan danışıb.

 

Öz çıxışında neft tankerlərinə qarşı hücumların arxasında İranın durduğuna eyham vuran İbrahim Əl-Əssaf deyib ki, İranın regionda apardığı təxribat xarakterli fəaliyyətinin qarşısı alınmalıdır: “Neft tankerlərinə hücumlar dünya iqtisadiyyatına, eləcə də regional və dünya təhlükəsizliyinə qarşı ciddi təhdiddir. Bundan başqa, pilotsuz uçan aparatlar vasitəsilə “Aramco” neft təsisatına qarşı hücum da, terrorçu bir hücumdur. Bunun isə qarşısı qəti şəkildə alınmalı, körfəzdə neft tankerlərinə qarşı hücumlara kəskin cavab verilməlidir.

 

Təəssüflər olsun ki, bu gün islam dünyası çox təhlükəli problemlərlə üz-üzə qalıb. Bu təhlükələrdən ən önəmlisi isə, bir ölkənin digər ölkələrin daxili işlərinə qarışmasıdır. Rəsmi Tehranın Yəməndə açıq-aşkar üsyançı husilərə dəstək verməsi, İranın digər bir ölkənin daxili işlərinə müdaxiləsinin sübutudur. Bu isə elə bir məsələdir ki, islam dünyası bu müdaxilənin qarşısında dayanmalı, onu rədd etməlidir” –deyə İbrahim Əbdüləziz Əl-Əssaf vurğulayıb.

 

Xatırladaq ki, mayın 12-də Hörmüz boğazının 70 mil məsafəsində yerləşən Əl-Füceyrə limanı yaxınlığında lövbər salan Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə güclü partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu ziyan dəyib. Bombalı hücumların mənşəyi barədə dəqiq məlumatlar olmasa da, İranın və onun dəstlədiyi muzdlu silahlı qruplaşmaların bu partlayışlarda əli olduğu təxmin edilir.

 

 

Mayın 14-ü, sübh saatlarında isə Səudiyyə Ərəbistanının Əd-Dəvadmi və Əfif əyalətlərində “Aramco” şirkətinə məxsus iki neft pompaj stansiyası, İranın dəstəklədiyi husilərin raket hücumlarına məruz qalıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN