Səudiyyə şahzadəsindən Ruhaniyə cavab: “Ərəb əraziləri ərəblərin özünə məxsusdur”

 Səudiyyə şahzadəsindən Ruhaniyə cavab: “Ərəb əraziləri ərəblərin özünə məxsusdur”

GünazTV: Səudiyyə Ərəbistanının Amerikadakı səfiri, şahzadə Xalid Bin Salman fevralın 15-də “Twitter” səhifəsində paylaşdığı bir postda, İran prezidenti Həsən Ruhaninin islam respublikasının 40-cı ildönümü münasibətilə fevralın 11-də etdiyi çıxışında İranın bəzi ərəb qonşularının əraziləri ilə bağlı son bəyanatına cavab verib.

 

Paylaşdığı postda İran rejimini regionda ekspansionist siyasətdə günahlandıran səfir bildirib ki, İran İslam Respublikası bölgənin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir: “Ərəb əraziləri ərəblərin özünə məxsusdur. Təəssüflər olsun ki, İran rejimi regionda təhlükəsizliyə qarşı ən mühüm təhdid olaraq qalır. Bu rejim hələ də özünün ekspansionist xülyalarından əl çəkməyib. Belə ki, Həsən Ruhani İran inqilabının 40-cı ildönümündə etdiyi çıxışında bu rejimin bölgədə apardığı ekspansionist siyasət və hədəfələrini bir daha ifşa edib.

 

İran prezidenti öz çıxışında belə bir iddia irəli sürüb ki, güya körfəzin cənubunda yerləşən bəzi  ərəb ölkələri ərazilərinin bir hissəsi İrana məxsusdur. O həm də həmin əraziləri “İranın cənubu” adlandırıb. Lakin onun iddialarına baxmayaraq, ərəblərin əraziləri ərəblərin özünə məxsusdur. Hesab edirik ki, dost İran milləti onların sərvətlərini ölkə xaricində və regionda dini sektaçılığa və terrorizmə sərf edən indiki liderlərdən daha ağıllı rəhbərlərə layiqdir”.

 

 

Xatırladaq ki, Həsən Ruhani İran inqilabının 40-cı ildönümü münasibətilə fevralın 11-də Tehranda keçirilən yürüşdə çıxış edərək, İranın son iki əsrdə “itirdiyi” torpaqlardan danışıb. O deyib: “Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən ayırıblar. 172 il əvvəl isə İranın şimal-qərbindəki torpaqlarının daha böyük bir hissəsi ölkəmizdən ayrıldı.

 

Bundan başqa, 163 il əvvəl İranın şərqi ərazilərinin mühum bir hissəsi ölkədən ayrıldı. 138 il əvvəl isə İranın şimal-şərqində yerləşən ərazilərimizin böyük bir hissəsini bizdən ayırdılar. 100 il əvvəl isə, İranın cənubunun böyük bir hissəsini də ölkədən ayırdılar. Körfəzin cənubunda yerləşən həmin ərazilərdə, hazırda bir neçə ölkə yaradılıb”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN