Simnanda 3 bəhayiyə qarşı ağır həbs hökmləri çıxarılıb

Simnanda 3 bəhayiyə qarşı ağır həbs hökmləri çıxarılıb

GünAz TV: Simnanın 3 bəhayi sakini 5 ildən 10 ilə qədər ağır həbs cəzalarına məhkum ediliblər.

 

Simnan İnqilab Məhkəməsinin çıxardığı hökmlərə əsasən, Ərdəşir Fənaiyan, Yelda Firuziyan və Behnam İskəndəriyan adlı bəhayilər uzun müddətli həbs və sürgünə məhkum ediliblər.

 

Onlar hökmdən narazı qaldıqları üçün, kassasiya şikayəti veriblər. Lakin bəhayilərin apelyasiya şikayətinə nə vaxt baxılacağı məlum deyil.

 

Hökmlərə əsasən, Ərdəşir Fənaiyan 10 il həbs, 1 il Sisan və Bəlucistan əyalətinin Xaş rayonuna sürgünə, Yelda Firuziyan və Behnam İskəndəriyan isə hər biri 5 il həbsə məhkum ediliblər. Həmçinin son iki şəxsin Simnana girişinə 2 il qadağan qoyulub.

 

Sözügedən şəxslər cari ilin may ayında həbs ediliblər və hazırda təcridxanada saxlanılırlar. Məhkəmə onların mülki vəsiqə ilə şərti olaraq azadlığa buraxılmalarına icazə verməyib.

 

Ərdəşir Fənaiyanın atası bir müddət əvvəl rəhmətə getsə də, məhkəmə ona dəfn və yas mərasimlərində iştirak etməyə icazə verməyib. O, 2013-cü ildə də həbs edilmiş, 8 ay saxlandıqdan sonra sərbəst buraxılmışdı.

 

Digər tərəfdən, son aylar ərzində ölkənin müxtəlif bölgələrində onlarla digər bəhayi vətəndaş da həbs olunub.

 

Qeyd etmək lazımdır ki, İran rejimi bəhayiliyi din kimi rədd edir və bu dinə mənsub olanların öz mərasimlərini keçirməsini qadağan edib. Bundan başqa, bəhayilər İrandan ali təhsil almaq və dövlət qulluğunda çalışmaq kimi təməl hüquqlardan da məhrumdurlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN