Şirin İbadi: “Bu rejim islaholunmazdır. İranın indiki konstitusiyası ilə ölkədə islahatlar aparmaq mümkün deyil”

Şirin İbadi: “Bu rejim islaholunmazdır. İranın indiki konstitusiyası ilə ölkədə islahatlar aparmaq mümkün deyil”

GünazTV: Sülh üzrə Nobel mükafatı Lauretı Şirin İbadi aprelin 27-də Əl-Cəzirə telekanalına müsahibəsində İranda islahat ideyasının məğlubiyyətə uğramasından, islam respublikasının xarici siyasətindən və Qərbin İrana qarşı sanksiyalarından danışıb.

 

Xanım İbadi bildirib ki, o, Qərb ölkələrinin İran İslam Respublikasına qarşı sanksiyalarını dəstəkləyir: “Lakin mən yalnız islam respublikası hakimiyyətini zəiflədən sanksiyalara dəstək verirəm. Bu sanksiyalar İran əhalisinə ziyan vurmamalıdır. Hesab edirəm ki, İranın peyk vasitəsilə qeyri-fars dillərdə verilişlər yayan telekanallarının fəaliyyətinə də  sanksiya qoyulmalı, İran hakimiyyətinin bu yolla apardığı təbliğatının qarşısı alınmalıdır.

 

Bir düşünün, sizcə, niyə bəzi suriyalı, livanlı və yəmənli gənclər İran hakimiyyətini dəstəkləyir. Qoyun mən sizə deyim. Bunun səbəbkarı həmin telekanallardır. İran rejimi həmin telekanalların təbliğatları ilə bu cavanları aldadır, onları özünə cəlb edir. Düşünürəm ki, İran telekanallarının qərbi ölkələrin peyk imkanlarından istifadə edərək təbliğat xarakterli verilişlər yaymasına qadağa qoyulmalıdır ki, bu rejim öz təbliğatını davam etdirə bilməsin.

 

İranda hazırkı vəziyyət və duruma gəlincə, hesab edirəm ki, islam respublikası rejimi artıq islaholunmazdır. Çünki İranın indiki konstitusiyası (Ana Yasa) ilə ölkədə hər hansı bir dəyişiklik etmək və ya islahatlar aparmaq mümkün deyil. İranda 20 ildir ki, bu rejimi islah etmək üçün bütün yollar və variantlar təcrübə edilib. Lakin bu təcrübələrin hamısı məğlubiyyətə uğrayıb. Nə qədər ki, islam respublikasının konstitusiyası dəyişməyib, İranda heç bir dəyişiklik və islahatdan söhbət belə gedə bilməz. Bu isə elə bir işdir ki, yalnız ölkə daxilində İran millətinin əli ilə yetirilməli, gerçəkləşdirilməlidir. Şəxsən mən hər hansı bir xarici müdaxilənin tərəfdarı deyiləm.

 

İranın yürütdüyü xarici siyasətinə və xarici işlər naziri Məhəmmədcavad Zərifin mötədil bir siyasətçi olub olmaması məsələsinə gəlincə isə, bir şeyi nəzərə almalıyıq. Siz bilməlisiniz ki, İranın xarici siyasətini xarici işlər naziri təyin etmir. Hətta prezident də təyin etmir. Xarici siyasəti yalnız ölkənin dini lideri təyin edir. Məhz buna görə də, Məhəmmədcavad Zərif bir oyuncaq kukla və marionetkadan başqa bir şey deyil. Elə buna görə də o istefa verəndə tez onun üstünə düşdülər. O isə öz istefasını geri götürmək məcburiyyətində qaldı” –deyə Şirin İbadi əlavə edib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN