Şirin İbadi: “İslam Respublikası islaholunmazdır, yeganə çıxış yolu İran rejimini dəyişməkdir”

Şirin İbadi: “İslam Respublikası islaholunmazdır, yeganə çıxış yolu İran rejimini dəyişməkdir”

GünAzTV: Sülh üzrə Nobel mükafatı Lauretı Şirin İbadi aprelin 5-də Amerikanın “Blomberg” agentliyinə müsahibəsində İran İslam Respublikasının bütün strukturlarını bürümüş fəsad və korrupsiyadan, eləcə də ölkə əhalisinə qarşı sistematik şəkildə göstərilən zülm, ədalətsizlik və ayrı-seçkilikdən danışıb.

 

Vaxtilə, İranda islahatların tərəfdarı olan İbadi bildirib ki, ruhanilərin idarə etdiyi islam respublikasının islah olunması artıq mümkün deyil və millət bu rejimin getməsini tələb edir: “İranda hakim siyasi sistem, yəni islam respublikası islaholunmazdır və ölkə əhalisi bu rejimin dəyişməsini istəyir. Daha doğrusu, İran milləti ümumdünya insan hüquqları bəyannaməsinə əsasın ölkədə sekulyar bir konstitusiyanın hakim olmasını tələb edir. Şəxsən düşünürəm ki, ölkənin indiki böhrandan qurtarması üçün yeganə həll və çıxış yolu, yalnız bu rejimi dəyişməkdir.

 

Hesab edirəm ki, İranda hakimiyyəti dəyişmək cəhdi ölkə daxilindən başlanmalı, bu iş xalqın əli ilə həyata keçirilməlidir. Lakin Qərb də bu prosesin sürətləndirilməsinə yardım edə bilər. Belə ki, Qərb, ölkə əhalisinə ziyan dəyməməsi şərti ilə rejimi zəiflətmək məqsədilə ona qarşı əlavə sanksiyalar tətbiq edə bilər. Bundan başqa, düşünürəm ki, Amerika və Avropa ölkələri İran rejiminin təbliğat maşını sayılan dövlət radio-televiziyası verilişlərinin peyk vasitəsilə dünyaya yayılması üçün verdiyi xidməti dayandırmalı, ona sanksiya qoymalıdır.

 

Bu gün, İran milləti BMT-nin nəzarəti altında ölkədə bir ümumxalq referendumun keçirilməsinin tərəfdarıdır. Mən, Avropa şirkətlərinin qeyri-sabit bir ölkə olan İranda sərmayə yatırmaqdan imtina etməsini müsbət addım hesab edir, düşünürəm ki, əgər İran rejimi beynəlxalq investorların ölkədə sərmayə yatırmasını, iş yerlərinin açılmasını və məmləkətə hakim mövcud işsizliyi aradan qaldırmaq istəyirsə, əvvəlcə öz xalqına hörmətlə yanaşmalı, onu sevindirməlidir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN