Sistan-Bəlucistanda polis əməkdaşının odlu silahdan açdığı atəş nəticəsində 4 bəluc həlak olub

Sistan-Bəlucistanda polis əməkdaşının odlu silahdan açdığı atəş nəticəsində 4 bəluc həlak olub

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Delqan şəhərində hüquq-mühafizə qüvvələri əməkdaşının odlu silahdan atəş açması nəticəsində, birisi 3 yaşlı qız uşağı olmaqla 4 bəluc həlak olub. Hadisə, dörd gün əvvəl baş versədə, bu barədə xəbər yenicə yayılıb.

 

Bildirilir ki, aprelin 12-də yerli hüquq-mühafizə qüvvələri hərəkətdə olan bir avtomobildən  şübhələnərək, onu dayandırmağa çalışıblar. Lakin avtomobil sürücüsü buna məhəl qoymayaraq hərəkətə davam edib. Nəticədə polis əməkdaşlarından biri avtomobili odlu silahdan atəşə tutub. Atəş nəticəsində avtomobildə olan 4 nəfər: 27 yaşlı Müslüm Bamiri, onun qardaşı 18 yaşlı Həmzə Bamiri, bacısı qızı, 3 yaşlı Hüsna Bamiri və 19 yaşlı Yaqub Bamiri yerindəcə həlak olub. Hadisə zamanı avtomobil sərnişinlərində hər hansı bir silah olmayıb.

 

Baş vermiş olayla bağlı jurnalistlərə açıqlama verən Delqan şəhərinin fərmandarı Huşəng Bamiri, atəşə tutulan avtomobilin sürücüsü Müslüm Bamirini narkotik maddə qaçaqmalçılığında günahlandıraraq, onun polis əlindən qaçarkən öldürüldüyünü iddia edib.

 

Lakin bəluc mənbələrinin yaydığı məlumatda Müslüm Bamirinin narkotik maddə qaçaqmalçısı olması barədə yayılan məlumatlar təkzib edilir. Bildirilir ki, o, bir il əvvəl hüquq-mühafizə qüvvələri Delqan əhalisinin dinc etirazına qarşı zorakılıq tətbiq etməsindən və bir neçə qadına atəş açmasından sonra polis qərargahını daşa basaraq qaçmış və həmin vaxtdan polis tərəfindən axtarılırmış.

 

Sistan-Bəlucistan hüquq-mühafizə qüvvələri rəsmiləri, polis özbaşınalığı ucbatından 4 bəlucun öldürülməsi ilə bağlı məsuliyyətin kimin üzərinə düşdüyünü açıqlamayıblar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN