Sistanidən Xamneyiyə mesaj: “Heç kim İraqın daxili işlərinə qarışa bilməz”

Sistanidən Xamneyiyə mesaj: “Heç kim İraqın daxili işlərinə qarışa bilməz”

GünAz TV: İraqlı nüfuzlu şiə “mərceyi- təqlid” Əli Sistani ölkədə baş verən son etirazlara münasibət bildirib.

 

Sistaninin dəftərxanasının yaydığı məlumatda qeyd edilir ki, iraqlıların islahatlar üçün başlatdıqları etiraz aksiyaları milli mübarizədir və heç kəsin İraqın daxili işlərinə qarışmaq haqqı yoxdur.

 

Sistaninin cümə xütbəsində səsləndirdiyi fikirləri əks etdirən bəyanatda həqiqi islahatı təxirə salmağa və bununla da vaxt udmağa çalışan iraqlı rəsmilərin xam xülyalarda olduğu vurğulanır.

 

İraq şiələrinin lideri etirazları dəstəklədiyini bir daha bəyan edərək, rəsmiləri zorakılıqları dayandırmağa, xalqın tələblərini yerinə yetirməyə və sivil etirazçıları güllələyərək öldürənləri dərhal cəzalandırmağa çağırıb.

 

“İraqlıların islahatlar üçün başlatdıqları etirazlar milli mübarizədir, bunun heç bir xarici ölkəyə aidiyyatı yoxdur. Bunun ağır məsuliyyəti iraqlıların boynundadır və hər hansı bir xarici ölkənin heç bir üsulla İraqın daxili işlərinə qarışmaq haqqı yoxdur. Ölkənin daxili işlərinə edilən müdaxilələr İraqı regional və qlobal güclərin döyüş meydanına çevirir. Bu haldan ən çox əziyyət çəkən isə, əlbəttə ki, ölkə xalqı olur”,- deyə Sistani vurğulayıb.

 

Xatırladaq ki, Əli Sistani ötən həftə təhlükəsizlik qüvvələrini xalqa dəstək verməyə və sivil etirazçılara atəş açmamağa çağırmışdı.

 

Əli Sistaninin digər güclərə İraqın daxili işlərinə qarışmamaqla bağlı xəbərdarlığının ünvanının İranın “dini lider”i Əli Xamneyinin olduğu hesab edilir. Xamneyi etirazlar başlayan günlərdən bu ölkənin daxili işlərinə müdaxilə etməyə başlamış, hətta “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymanini həmin etirazları nəyin bahasına olur-olsun yatırmağa "kömək" etmək üçün İraqa göndərmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN