Sudanda hərbi çevriliş baş verib

Sudanda hərbi çevriliş baş verib

GünAz TV: Sudan Ordusu təcili iclas keçirərək ölkə Prezidenti Ömər əl-Bəşir və onun köməkçilərini bütün vəzifələrdən kənarlaşdırmaq və hökuməti istefaya göndərmək barədə qərar qəbul edib.

 

AZƏRTAC Al-Mayadeen telekanalına istinadla xəbər verir ki, Sudan silahlı qüvvələri keçid dövründə ölkəyə rəhbərlik etmək üçün hərbi şuranın qurulmasını elan edəcək. Bir qrup hərbçi artıq dövlət telekanalının binasına daxil olub və ordu onun vasitəsilə “vacib bəyanat” verməyə hazırlaşır. Bundan əlavə, ölkənin sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim “Milli Konqres” partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunublar. Sudanın beynəlxalq aeroportu bağlanıb.

 

Qeyd edək ki, 2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayan və çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 ildir ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Bir neçə aydır ki, davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb, bir neçə min nəfər isə həbs edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN