Suriyalı qaçqınlar: “Qasım Süleymani bizim bütün bədbəxtliklərimizin səbəbkarıdır”

Suriyalı qaçqınlar: “Qasım Süleymani bizim bütün bədbəxtliklərimizin səbəbkarıdır”

GünAz TV: Suriyanın şimal-qərbində yaşayan əhali yanvarın 3-də Amerika tərəfindən öldürülən Qasım Süleymanini yaşadıqları bütün bədbəxtliklərin səbəbkarı bilirlər.

 

“Əş-Şərq Əl-Əvsət” qəzetinin məlumatına əsasən, suriyalılar həmçinin öz ailə üzvləri və yaxınlarının öldürülməsinə görə də Süleymanini məsul hesab edirlər.

 

Qasım Süleymani İranın Yaxın Şərqdə təxribatçı siyasətlərini həyata keçirən əsas fiqur idi. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayan gündən rəsmi Tehran Əsəd rejiminə əvvəlcə maddi və siyasi, daha sonra hərbi yardım göstərməyə başlayıb.

 

Qasım Süleymaninin yaratdığı və idarə etdiyi şiə yaraqlı dəstələri Suriyanın müxtəlif bölgələrində həyata keçirilmiş qırğınlarda iştirak edib.

 

22 yaşlı suriyalı qaçqın İsmayıl Əsəli “France Press” angetliyi ilə müsahibəsində bildirib ki, Süleymani, Suriya rejiminin qüvvələri və Rusiya ölkəsində insanları qətliam ediblər. O, ölkə vətəndaşlarının və körpə uşaqların ölümünə görə sadalanan ölkələri məsul hesab etdiyini deyib.

 

İsmayıl bir neçə il öncə qırğınlardan canını qurtarmaq üçün İdlib əyalətinin cənubundan şimal bölgələrə qaçıb və hazırda Türkiyə ilə sərhəd bölgələrinə yaxın Qah şəhərində salınmış qaçqın düşərgəsində məskunlaşıb. Onun həyat yoldaşı, qardaşı və qardaşı uşağı noyabr ayında düşərgəyə atılmış raket nəticəsində ölüblər.

 

İsmayıl qeyd edib ki, həmin hücum nəticəsində özü də ayağından yaralanıb. Lakin 1 yaşlı oğlunun ayağını aldığı xəsarətlər nəticəsində kəsməli olublar.

 

2015-ci ildə müharibənin gətirdiyi ölümün pəncəsindən yaxa qurtarmaq üçün Hələbdən ölkənin şimalına sığınan digər bir qaçqın Mahmud Şərimu da Süleymani və İrana bağlı yaraqlıların Əsəd qüvvələri ilə birlikdə törətdikləri qırğınlardan əziyyət çəkib. Onun yeni doğulmuş qızı 2015-ci ildə Hələbdə evinə atılan raket nəticəsində faviəvi şəkildə ölüb.

 

“Əzab görəni yalnız özü kimilər anlayar. Qasım Süleymani heç vaxt ailəsini itirməyib, ona görə də, o, məni başa düşə bilməz”,- deyə Mahmud “France Press” agentliyi ilə müsahibəsində qeyd edib.

 

O da İsmayıl kimi suriyalıların başlarına gələn bütün bəlalara görə İran və Əsəd rejimini, xüsusən də Qasım Süleymani, Hizbullah və digər yaraqlıları məsul hesab etdiyini deyib.

 

Agentliyə açıqlama verən digər suriyalılar da başlarına gələn bütün bədbəxtliklərə görə Qasım Süleymanini, İranı və Suriya rejimini günahkar biliblər.

 

Qeyd etmək lazımdır ki, İran hər il Əsəd rejiminin qorunub saxlanmasına təqribən 15-20 milyard dollar arası vəsait xərcləyib. “Qüds Briqadası”nın təşkil etdiyi, əsasən Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” adlı yaraqlı dəstələr də Əsəd rejimi ilə birlikdə Suriya xalqının qətliam edilməsində iştirak edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN