Taliban Süleymaniyə görə Amerikanı təhdid etdi: "Nəticələrə qatlaşacaqsınız"

Taliban Süleymaniyə görə Amerikanı təhdid etdi:

GünAz TV: Taliban terror təşkilatı Qasım Süleymaninin ölümü ilə bağlı məlumat yayıb.

 

İranla həmrəylik nümayiş etdirən Taliban Süleymaninin yaxınlarına baş sağlığı ünvanlayıb.

 

"İslam Əmirliyi (Taliban) general Qasım Süleymaninin qətlini Amerikanın böyük macəraçılığı hesab edir və bu ölkəyə qətlin meydana gətirəcəyi nəticələrlə bağlı xəbərdarlıq edir. Amerikya qarşı Əfqanıstanda cihad davam edəcək", - deyə terror təşkilatının bəyanatında qeyd edilir.

 

Xatırladaq ki, sələfi məzhəbinə etiqad edən Taliban terror təşkilatı ilə İran rejimi arasında hər zaman düşmən münasibət olub. Xüsusilə, 1998-ci ildə Talibanın Məzari-Şərif şəhərində İran konsulluğunun 10 diplomatını və İRNA agentliyinin 1 jurnalistini öldürməsindən sonra iki tərəf barışmaz düşmənə çevrilmişdilər.

 

Lakin son illər ərzində regional maraqlarına xidmət etdiyi üçün İran reimi Talibana açıq siyasi, hərbi və maddi yardım göstərir. Əfqanıstanın təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı dəfələrlə Talibanın döyüşçülərindən və anbarlarından İran istehsalı olan silah və bombalar tapılıb.

 

Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla, əksər iranlı rəsmilər Talibana açıq dəstək nümayiş etdirirlər.

 

Hətta 2019-cu ilin yanvar ayının əvvəllərində Məhəmməd Cavad Zərifin daha da irəli gedərək, “Əfqanıstanın gələcəyi Talibansız mümkün deyil” fikirini səsləndirməsi rəsmi Kabilin sərt reaksiyasına səbəb olmuşdu. Əfqanıstanın Xarici İşlər Nazirliyi onun bu çıxışına verdiyi cavabda Zərifi və İran Xarici İşlər Nazirliyini Taliban terror qruplaşmasının mətbuat xidməti adlandırmışdı.

 

Ötən ilin noyabr ayının sonuda da Taliban nümayəndə heyəti İrana səfər etmiş, Zərif də daxil olmaqla, bir neçə rəsmi ilə görüşlər keçirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN