Tehranda baş örtüyünü açan daha 1 qadın həbs edilib - VIDEO

Tehranda baş örtüyünü açan daha 1 qadın həbs edilib - VIDEO

GünAzTV: İranda molla rejiminin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq küçədə baş örtüyünü açan daha 1 qadın həbs edilib.

 

Hadisə, fevralın 15-də Tehranın İnqilab küçəsində, məşhur fransız şirniyyatı mağazası qarşısında baş verib. Hündürlüyə qalxan Əzəm Cəngruy adlı gənc xanım baş örtüyünü açaraq  onu havada yelləməyə başlayıb. Başıaçıq qadının ətrafında toplaşanlar, polis və mülki geyimli təhlükəsizlik qüvvələri hadisə yerinə gələnə qədər, hicaba qarşı çıxan həmin xanıma dəstək veriblər. Hadisə yerinə gələn polislərdən biri, qadının əlindən tutaraq onu kobudcasına aşağıya dartdıqda, yerə yıxılan qadını avtomobilə mindirib naməlum istiqamətə aparıblar.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Təkcə Tehranda, küçə və meydanlarda baş örtüyünü açan 29 qadın həbs edilib.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN