Tehranda bir nəfərin korona virusdan ölməsi barədə məlumatlar yayılıb

Tehranda bir nəfərin korona virusdan ölməsi barədə məlumatlar yayılıb

GünAz TV: Hökumətə bağlı İran qəzeti Tehranda 63 yaşlı qadının korona virusdan öldüyü barədə məlumat yayıb. Lakin İran Səhiyyə Nazirliyi isə xəbəri təkzib edib.

 

Qəzetin məlumatında qeyd edilir ki, fevralın 10-u saat 11:30 radələrində paytaxtın xəstəxanalarından birinin rəhbərliyi 110 qaynar xətti ilə əlaqə yaradıb, 63 yaşlı qadının korona virusundan ölmə ehtimalı ilə bağlı məlumat veriblər. Məsələ ilə bağlı polis araşdırmalara başlayıb.

 

Xəstəxananın mütəxəssisləri aparılan ilkin araşdırmalardan sonra qadının korona virusuna yoluxduğu və bu xəstəlikdən öldüyü ehtimalını irəli sürüblər. Yaşlı qadının ölüm səbəbinin daha dəqiq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin verəcəyi rəydən sonra müəyyənləşəcəyi bildirilir.

 

Buna baxmayaraq, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur isə yayılan xəbəri təkzib edib və İranda heç kimin korona virusa yoluxmadığını iddia edib.

 

“Qətiyyətlə demək olar ki, İranda korona virus yoxdur. Eləcə də, son 2 gün ərzində ölkədə bu virusa yoluxma ehtimalı ilə bağlı heç bir hal müşahidə edilməyib”, - deyə sözçü əlavə edib.

 

Ötən gün Səhiyyə naziri Səid Nəməki də bu günə qədər ölkədə heç kimin sözügedən virusa yoxulmadığını iddia etmişdi.

 

İran rəsmilərinin baş vermiş faciələr zamanı məlumatları gizlətməsi və yalan danışmasını nəzərə alaraq, İranda insanlar onların ölkədə bu ölümcül virusa yoluxma barədə də həqiqətləri gizlətmələrindən qorxurlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN