Tehranda mənzillərin qiymətinin 1 ildə 112% artması bazarda durğunluq yaşanmasına səbəb olub

Tehranda mənzillərin qiymətinin 1 ildə 112% artması bazarda durğunluq yaşanmasına səbəb olub

GünAz TV: İran Mərkəzi Bankının yeni dərc etdiyi hesabata görə, İranda cari ilin “ordibeheşt” ayı (21 aprel-21 may 2019-red.) ərzində Tehranda ümumilikdə 12100 mənzil satılıb, bu isə ötən ilin analoji vaxtı ilə müqayisədə 76.5% azalma deməkdir.

 

Bu azalmanın əsas səbəbi hazırda İranda bütün sahələrdə hökm sürən kəskin bahalaşmadır. Əmlak bazarında isə qiymətlərin həddən artıq yüksəlməsi evlərin müştərisiz qalması və bazarda durğunluq yaşanmasına səbəb olub. Belə ki, qeyd edilən zaman dilimində Tehranda əmlak satışı ilə məşğul olan agentliklərin verdiyi məlumata əsasən, mənzillərin 1 m²-nin qiyməti təqribən 127 milyon riyal olub. Bu isə “fərvərdin” (21 mart-21 aprel 2019-red.) ayına nisbətən 12.5%, ötən ilin “ordibeheşt” ayı ilə müqayisədə isə 112% bahalaşma deməkdir.

 

Xatırladaq ki, 2018-ci ilin may ayının 8-də Amerika Birləşmiş Ştatlarının rəsmi Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxmasından bu günə qədər İranın milli pul vahidləri öz dəyərini ən azı 70% itirib. Ölkədə inflyasiya həddi 1 ilin içərisində 52%-ə qədər yüksəlib.

 

Mənzillərlə bağlı yayılan statistikalar göstərir ki, bu sahədə bahalaşma həddi iqtisadiyyatın digər sektorlarından daha yüksəkdir. İran Mərkəzi Statistika Komitəsi isə Mərkəzi Bankın əksinə olaraq, bu sahədə də aşağı rəqəmlər təqdim etməklə, əslində mənzil qiymətlərinin guya 24.9% qalxdığını iddia edir. Halbuki, mövcud və ötən ilki bazar qiymətlərini müqayisə etdikdə, qiymətlərin hətta Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərdən də çox yüksəldiyi görünür.

 

Mərkəzi Bankın statistikasında ev kirayələrinin haqqının da “ordibeheşt” ayında ötən ilin eyni dövrü ilə müqayisədə 22.6% artım müşahidə edildiyini bildirilir, hansı ki, Mərkəzi Statistika Komitəsinin təqdim etdiyi statistikada da artım nisbəti eyni göstərilib.

 

Qeyd etmək lazımdır ki, İranın rəsmi statistikaları heç vaxt mütəxəssislər tərəfindən qəbul edilmir. Onlar bildirirlər ki, İranın dövlət idarələri daxili narazılıqlara səbəb olmamaq üçün hər zaman rəsmi statistikalarda rəqəmləri olduğundan dəfələrlə aşağı göstərirlər.

 

Mərkəzi Bankın statistikasına əsasən, ən böyük qiymət artımı 134%-lə Tehranın 9-cu, ən aşağı isə 85%-lə 19-cu mikrorayonunda qeydə alınıb.

 

Tehranın 22 mikrorayonu içərisində ən bahalı evlər 1-ci mikrorayonda 1 m² təqribən 260 milyon riyal, ən ucuz mənzillər isə 18-ci mikrorayonda 1 m² təqribən 59 milyon riyal olmaqla satılıb. Bu rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 107 və 118% artım olduğunu göstərir.

 

Tehranda aprel-may ayları ərzində ümumilikdə 15600 mənzil satılıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 35.% azalma deməkdir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN