Tehrandan geri addım- Fəllahətpişə İranın heç bir vəchlə Amerika ilə nə birbaşa, nə də təmsilçi müharibəyə girməyəcəyini deyib

Tehrandan geri addım- Fəllahətpişə İranın heç bir vəchlə Amerika ilə nə birbaşa, nə də təmsilçi müharibəyə girməyəcəyini deyib

GünAz TV: İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Hişmətullah Fəllahətpişə deyib ki, ölkəsi heç bir halda heç bir müharibəyə girməyəcək və hər hansı bir qruplaşma İran tərəfindən təmsilçi müharibəyə girdiyini deyə bilməz.

 

Bu gün son günlər ərzində ABŞ-ın regiondakı hərbi aktivliyi qarşısında İranın birbaşa olmasa da, təmsilçi müharibəyə başlayıb-başlamayacağı ilə bağlı  jurnalistlərin ona ünvanladığı sualı cavablandıran Fəllahətpişə deyib: “Heç bir halda heç bir növ müharibəyə başlamayacağıq.”

 

Qeyd etmək lazımdır ki, İran Livanda Hizbullah, Yəməndə husilər, İraqda “Həşdəş-Şəbi” və s. ölkələrdə bu kimi qruplaşmalara dəstək göstərərək, öz ekspansionist siyasətlərini təmsilçi müharibələr vasitəsilə həyata keçirir.

 

Xüsusilə də bir neçə gün öncə Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında yerləşən “Əl-Füceyrə” limanında ticari gəmilərə və Səudiyyə Ərəbistanın iki neft təsisatına edilmiş hücuma görə İran günahlandırılır. Rəsmi Riyad neft təsisatlarına hücumla bağlı göstərişin Tehrandan husilərə verildiyini deyir.

 

Fəllahətpişə daha sonra əlavə edib: “Müharibənin (Amerika ilə-red.) başlamaması hazırda İran İslam Respublikasının yürütdüyü siyasətin əsas istiqamətlərindəndir. Dünyanın hər hansı bir nöqtəsində bir şey baş versə, bu, bizim işimiz kimi qələmə verilməməlidir.”

 

Qeyd etmək lazımdır ki, son həftələr ərzində iki ölkə arasındakı gərginliklər pik həddə çatıb. ABŞ-ın körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi, B-52 strateji bombardımançılar və Patriot zenit-raket kompleksi göndərməsindən sonra dünya ictimaiyyəti arasında iki ölkə arasında hərbi qarşıdurmanın baş verəcəyi ilə bağlı narahatlıqlar artıb.

 

İranın “dini lideri” Əli Xamneyi Amerikanın körfəzə hərbi gəmi ezam etməsinə münasibətində hər zamankı kəskin çıxışlarında fərqli olaraq, ölkəsinin ABŞ ilə nə müharibə etmək, nə də müzakirə aparmaq fikrinin olmadığını deyib.

 

Digər tərəfdən, mayın 20-də ABŞ-ın İrana qarşı siyasətinin hədəfinin bu rejimin öz rəftarlarını dəyişməsi olduğunu deyən Donald Tramp rəsmi Tehrana xitabən bildirmişdi ki, əgər İran səhv edib, ABŞ maraqlarına hücum etsə, böyük qüvvə üzbəüz qalacaq.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN