Tehranın əsas küçə və meydanları polis nəzarətinə götürülüb

Tehranın əsas küçə və meydanları polis nəzarətinə götürülüb

GünAzTV: İranda prezidentliyə namizədliyi təsdiq edilən 6 nəfərin adlarının elan edilməsinin ardınca, aprelin 21-i sübh saatlarından başlayaraq paytaxt Tehranın əsas küçə və meydanları polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb.

 

İranın “İsna” agentliyinin yaydığı məlumata əsasən, Tehranda vəziyyət hazırda adidir və təhlükəsizlik baxımından hər hansı bir problem yoxdur. Bildirilir ki, paytaxtın digər yerlərində polis qüvvələrinin yerləşdirilməsi davam edir. İranın “Tasnim” agentliyi isə polis qüvvələrinin küçə və meydanlara gətirilməsini, prezidentliyə namizədlərin təbliğat kampaniyasının başlanması ilə əlaqələndirib: “Polis qüvvələrinin şəhərin müxtəlif yerlərində yerləşdirilməsi, paytaxtda təhlükəsizliyi qorumaq üçündür və bu hazırlıq seçkilər keçirilənə qədər davam edəcək”.

 

İrandakı sosial şəbəkələrdə yayılan məlumatlarda isə bildirilir ki, polis qüvvələrinin sıx şəkildə toplaşdığı məntəqələrdən biri, prezidentliyə namizədliyi rədd edilmiş Mahmud Əhmədinejadın yaşadığı mənzilin ətrafı və yaxın məhəllələrdir.

 

İranın Konstitusiyaya Nəzarət Şurası aprelin 20-si axşam saatlarında bəyanat yayaraq 6 nəfərin prezidentliyə namizədliyinin rəsmən təsdiqləndiyini açıqlayıb. Keçmiş prezident Mahmud Əhmədinejadın və onun komandasından olan Həmid Bəqayinin isə namizədliyi rədd edilib.

 

Prezidentliyə namizədliyi təsdiqlənənlər isə bunlardır: Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba. Beləliklə də qarşıdan gələn seçkilərdə, prezidentlik uğrunda rəqabət bu altı namizəd arasında aparılacaq.

 

Əhmədinejad, aprelin 17-də Çinin “Foniks” telekanalına müsahibəsində onun namizədliyinin mümkün ləğvi ehtimalı ilə bağlı səslənən bəyanatlara münasibət bildirmişdi: “Konstitusiyaya Nəzarət Şurasının mənim prezidentliyə namizədliyimi ləğv etməsinə hər hansı bir səbəb və əsas yoxdur”.

 

O, “Əgər İranın Konstitusiyaya Nəzarət Şurası prezidentliyə namizədliyinizi ləğv etsə, sizin buna reaksiyanız necə olacaq” sualını isə “Bir az səbirli olun. Vaxtı çatanda görəcəksiniz” -deyə cavablandırmışdı.

 

İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da (ordibeheştin 29-da) keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN