Tehranın İnqilab meydanında məcburi hicaba qarşı etiraz olaraq baş örtüyünü açan gənc qadın həbs edilib - VİDEO

Tehranın İnqilab meydanında məcburi hicaba qarşı etiraz olaraq baş örtüyünü açan gənc qadın həbs edilib - VİDEO

 GünAzTV: Oktyabrın 29-da Tehranın İnqilab meydanında məcburi hicaba qarşı etiraz əlaməti olaraq baş örtüyünü açan gənc qadın həbs edilib.

 

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, İnqilab meydanının günbəz şəkilli simvolu olan hündür yerə qalxan gənc qadın, baş örtüyünü açaraq əlindəki rəngli şarlarla birlikdə yaylığını göydə yelləndirməyə başlayıb. Etirazçı qadın, meydan ətrafında toplaşaraq onun bu hərəkətini seyr edən vətəndaşlar tərəfindən alqışlansa da, az sonra hadisə yerinə gələn hüquq-mühafizə qüvvələri əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

 

Tutulan qadının adı və onun hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, İranda qadınların molla rejiminin məcburi hicab siyasətinə qarşı dinc etirazına bu ilin əvvəllərində (1396-cı il, deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Vida Müvəhhid

 

Bunun ardınca, son aylar İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin bu barədə apardığı siyasətinə dinc etirazlarını bildirirlər. Nəticədə, paytaxt Tehranın və digər şəhərlərin küçə və meydanlarında baş örtüklərini açan 40-a yaxın qadın həbs edilib.

 

İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN