Tehranın polis rəisi: “Kağız sultanı həbs edilib”

Tehranın polis rəisi: “Kağız sultanı həbs edilib”

GünAzTV: Tehranın polis rəisi Hüseyn Rəhimi yanvarın 1-də dövlət televiziyasına müsahibəsində iqtisadi fəsad və fırıldaqçılıqda günahlandırılan “kağız sultanı”nın həbs olunmasından xəbər verib.

 

Polis rəisi bildirib ki, hökumətin iqtisadi güzəştlərindən sui-istifadə edərək külli miqdarda kağız idxal edən və onu bazar qiyməti ilə satan 16 nəfərdən ibarət qruplaşma üzvləri həbs edilib: “Bu şəxslər, məzənnəsi bazar qiymətindən xeyli aşağı olan hökumət valyutası ilə 30 min ton kağız ölkəyə idxal edərək, onu azad qiymətə, yəni bir neçə qat bahasına sataraq, milyardlarla tüməni mənimsəyiblər. Söhbət, qruplaşma üzvlərinin 1700 milyard tüməndən çox pulu mənimsəməsindən gedir.

 

Həmçinin qrup üzvlərinin kağız idxalı adı ilə hökumətdən aşağı məzənnə ilə aldıqları xarici valyutalar bəzən idxal əvəzinə şəxsi qazanc məqsədilə azad bazarda baha qiymətə satılıb və heç bir kağız ölkəyə idxal edilməyib. Biz, dəfələrlə xəbərdarlıq edib bildirmişik ki, iqtisadi fırıldaqçılarla çox kəskin davranacaq, Məhkəmə orqanları ilə əməkdaşlıq edərək, onları ağır məsuliyyətə cəlb edəcəyik”.

 

Hüseyn Rəhimi, həbs edilən “kağız sultanı”nın və onunla əməkdaşlıq edən digər qruplaşma üzvlərinin adını açıqlamayıb.

 

Qeyd edək ki, İranda ABŞ dollarının iki məzənnəsi var. Birincisi, dolların azad və ya bazar qiymətidir. Digəri isə hökumətin süni şəkildə aşağı saxladığı qiymətdir. Hakimiyyətə yaxın idxalçılar, çox vaxtlar güzəştlə dolları hökumət məzənnəsi ilə alsalar da, onu bir neçə qat bahasına, yəni bazar qiymətinə satır və qanunsuz olaraq külli miqdarda qazanc əldə edirlər.  

 

Xatırladaq ki, ay yarım əvvəl, İranda iqtisadi fəsad və fırıldaqçılıqda, ölkə iqtisadiyyatına xələl gətirməkdə günahlandırılan və “Qızıl sikkə sultanı” ləqəbi ilə tanınan Vəhid Məzlumin və həmkarı Məhəmməd İsmayıl Qasimi edam edilib. Müttəhimlərin hər ikisi, noyabrın 14-ü sübh saatlarında bir sıra məhkəmə orqanları rəsmilərinin iştirakı ilə Tehranda dara çəkiliblər.

 

Vəhid Məzlumin "qızıl sikkə sultanı" və Məhəmməd İsmayıl Qasimi

 

Həmçinin “qır sultanı” ləqəbi ilə tanınan, iqtisadi fəsad və fırıldaqçılıqda günahlandırılaraq ölümə məhkum edilmiş Həmidrza Baqiri Derməni adlı şəxs, 2018-ci il, dekabrın 22-si sübh saatlarında Tehranda dara çəkilib. Tehran məhkəməsi, hökumət qurumlarındakı tanış və tərəfdaşlarının yardımı ilə İran Milli Bankından və digər dövlət banklarından yüz milyardlarla tümən kredit götürən və banklara olan borcunu qaytarmayan Həmidrza Baqiri Dermənini banda şəbəkələri yaratmaqda, ölkənin qır biznesi sektorunu ələ keçirməkdə, fırıldaqçılıq yolu ilə mənimsədiyi pulları xarici ölkələrin banklarına köçürməkdə təqsirli bilərək, yer üzündə fəsadda günahlandırıb.

 

Həmidrza Baqiri Derməni "qır sultanı"

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN