Tehranlı deputat: “100 məmur və onların övladları qeyri-qanuni burs alıb”

Tehranlı deputat: “100 məmur və onların övladları qeyri-qanuni burs alıb”

GünAz TV: İran Milli Məclisinin Tehrandan seçilmiş millət vəkili Mahmud Sadiqi ötən illər ərzində ölkənin 100 məmuru və məmur övladının qeyri-qanuni olaraq təhsil təqaüdü əldə etdiyini deyib.

 

O, təhsil nazirinin təqdim etdiyi siyahıda qanunsuz olaraq təhsil təqaüdü almış bir çox deputat, imam cümə və polis komandanının özləri və övladlarının adlarının olduğunu bildirib. Lakin deputat həmin şəxslərin kimlər olduğunu açıqlamayıb. 

 

Daha öncələr də bir çox media orqanlarında bəzi millət vəkilləri və onların uşaqları, eləcə də Mahmud Əhmədinejadın dövründə təhsil naziri postunu tutmuş, hazırda isə Parlamentin Təhsil Komissiyasının rəhbəri olan Məhəmmədmehdi Zahidinin Nazirliyin aparat rəhbəri olan övladının da qanunsuz burs əldə etdiyi barədə məlumatlar dərc edilmişdi.

 

20 iyul 2014-cü ildə Milli Məclisin deputatı Cavad Huri isə 8 və 9-cu çağırış Parlamentlərinin hər birinin 10 deputatının bu formada burslardan faydalandığını bəyan etmişdi.

 

2013-cü ilin sentyabr ayında isə İran media orqanları Əhmədinejadın prezidentliyi dövründə təhsil naziri kimi çalışmış Kamran Daneşcunun qızı Sara Daneşcunun Pedaqoji Universitetin doktorantura mərhələsində təhsil almaq üçün qanunsuz olaraq təqaüd əldə etdiyi barədə məlumat yaymışdılar.

 

Mahmud Sadiqi ötən günki çıxışı zamanı həmçinin bildirib ki, məmurların yaxınlarına qanunsuz olaraq burs verilməsi deputatların, universitetlərdə fəaliyyət göstərən “Bəsic” rəhbərlərinin, eləcə də “Tələbələrin İslam Cəmiyyəti”nin göstərişi ilə baş tutub.

 

O, sonda qeyd edib ki, Pedaqoji Universitetin (Tərbiyyəte Modərres-red.) rektoru bu cür qeyri-qanuni prosesləri icra etmədiyi üçün o vaxt həbs edilib.

 

Xatırladaq ki, Mahmud Əhmədinejadın hakimiyyət illərində 3 mindən artıq insana qanunsuz təhsil təqaüdü verilməsiylə bağlı məsələ Həsən Ruhaninin prezident seçilməsindən sonra qabardılıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN