Toni Badran: “Trampın Suriyadan çıxmaqla bağlı qərarı İrana qarşı apardığı siyasətə təsirsiz ötüşməyəcək”

Toni Badran: “Trampın Suriyadan çıxmaqla bağlı qərarı İrana qarşı apardığı siyasətə təsirsiz ötüşməyəcək”

GünAz TV: “Demokratiyaların Müdafiəsi Fondu”nun Suriya üzrə tədqiqatçısı Toni Badran Trampın Amerika ordusunun Suriyadan çıxması ilə bağlı qərarının Amerikanın İrana qarşı yürütdüyü siyasətə mənfi təsirlər göstərəcəyini bildirib.

 

Onun sözlərinə görə, Tehran və onun müttəfiqi Bəşər Əsəd rejimi bu qərardan maksimum səviyyədə istifadə etməyə çalışacaqlar. İran İraq və Suriya ərazisindən keçərək Tehrandan Aralıq dənizinə qədər uzanan “dəhliz” yaratmağa çalışırdı. Lakin Suriyada Amerika ordusunun nəzarətdə saxladığı ərazilər İranın bu ambisiyasını yerinə yetirməyə mane olurdu. İrana bağlı şiə yaraqlıları Amerika ordusunun nəzarətdə saxladığı ərazilər yaxınlığında əməliyyat keçirib, Suriya ilə İraqın həmsərhəd bölgələrini bir-birinə birləşdirə bilərlər. Bu isə İrana Suriyanın cənubunda, yəni İsrail ərazilərinə yaxın öz qoşunlarını yerləşdirməklə, Hizbullah kimi terror təşkilatına modern silahlar ötürmək imkanı yaradacaq.

 

O, həmçinin ABŞ ordusunun Suriyadan çıxmasının Amerikanın İrana qarşı apardığı iqtisadi siyasətlərə də təsir göstərəcəyini deyib: “Suriyanın şərqində Amerikanın nəzarət etdiyi bölgələrdə bu ölkənin ən böyük neft və qaz yataqları yerləşir. Hazırda Bəşər Əsədin bu yataqlara çıxışı yoxdur. Buna görə də rəsmi Tehran Suriyanın enerji ehtiyacını ödəmək üçün bu illər ərzində milyardlarla dollar vəsait xərcləyib. İndi isə Bəşər Əsəd Rusiya və İranla bu yataqları yenidən ələ keçirmək istəyir.”- deyə amerikalı tədqiqatçı əlavə edib.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp dekabrın 19-da ABŞ qoşunlarının Suriyadan çıxması haqqında qərar imzalayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN