Tramp: “Amerikanın İrana qarşı sanksiyalarına riayət etməyən ölkələr çox ağır nəticələrlə üz-üzə qalmalı olacaqlar”

Tramp: “Amerikanın İrana qarşı sanksiyalarına riayət etməyən ölkələr çox ağır nəticələrlə üz-üzə qalmalı olacaqlar”

GünAzTV: ABŞ prezidenti Donald Tramp sentyabrın 26-da BMT Təhlükəsizlik Şurasında çıxış edərək, İranın nüvə və regional siyasətini kəskin tənqid edərək, Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan və dünya ölkələrinin həmin sanksiyalara riayət etməsinin vacibliyindən danışıb.

 

İranın nüvə silahına yiyələnməsinin yolverilməz olduğunu bildirən Tramp, İrana qarşı tətbiq edilən sanksiyalara riayət etməyən dünya ölkələrinə ciddi xəbərdarlıq edib: “Amerikanın İrana qarşı qoyduğu sanksiyalara riayət etməyən ölkələr çox ağır nəticələrlə üz-üzə qalmalı olacaqlar. İran nüvə sazişinin imzalanmasından sonra sanksiyaların ləğvindən sui-istifadə edərək öz raket proqramını genişləndirib.

 

Bu sazişin imzalanmasından sonra İranın bölgədə yürütdüyü hücumçu siyasəti daha da şiddətlənib. İran rejimi sazişdən sonra əldə etdiyi pullarla terrorizmə dəstək verərək, nüvə başlığı daşımağa qadir raket proqramını inkişaf etdirərək, regionda hərc-mərcliyə səbəb olub. Bunun isə qarşısı alınmalıdır”.

 

Tramp həmçinin həmin gün jurnalistlərə açıqlamasında İranın dağıdıcı regional fəaliyyətindən, Tehranla imzalanmış nüvə sazişindən və tətbiq edilən sanksiyalar nəticəsində İranın ağır iqtisadi durumundan danışıb. O bildirib ki, İran danışıqlar masasının arxasına qayıtmağa, Amerika ilə yeni bir müqavilə bağlamaq üçün müzakirələr aparmağa məcburdur: “Heç bir ölkə, son altı ay ərzində, yəni mən nüvə sazişindən çıxandan sonra İran qədər dəyişməyib. Dünya rəhbərlərinin İran haqqında nə düşündüyü mənim üçün önəmli deyil. Hesab edirəm ki, iranlılar sonunda mənim yanıma gələcəklər və bizim yaxşı bir müqaviləmiz olacaq. Kim bilir, bəlkə də belə olmayacaq. Lakin onlar (İran rəhbərləri) ölkəyə hakim ağır durumdan çoz əziyyət çəkirlər.

 

İran rejimi, hazırda ölkənin bütün şəhərlərində baş qaldıran üsyanlarla üz-üzə qalıb. Bu üsyanlar, 2009-cu ildə, yəni Barak Obamanın prezidentliyi dövründə İranda baş qaldıran “yaşıl hərəkat” etirazlarından daha güclü və genişdir. O vaxt, prezident Obama İran millətinin yox, hökumətin yanında durdu. Əgər o, İran millətinin yanında dursaydı, bəlkə də bu gün biz tam başqa bir İranla qarşılaşacaqdıq. Lakin açıq şəkildə bildirirəm ki, mən, İran millətinin yanında durmuşam.

 

Hazırda İranda inflyasiya sürətlə artmaqdadır. Onların pulu dəyərdən düşüb və bütün proqnozları səhv çıxıb. Küçələrdə hər gün mövcud vəziyyətə qarşı üsyanlar baş verir, etirazlar keçirilir. Millət çörək belə ala bilmir. Xarici şirkətlər bir-birinin ardınca İranı tərk edirlər. Ölkə iqtisadiyyatı tamamilə çöküb. Durum isə faciə həddinə gəlib çatıb. Bir daha bildirirəm ki, onlar bizimlə danışıqlar aparmağa məcburdur”.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN