Tramp: “İran rəhbərləri bölgədə ölüm, iğtişaş, müharibə və viranlıq toxumu səpirlər”

Tramp: “İran rəhbərləri bölgədə ölüm, iğtişaş, müharibə və viranlıq toxumu səpirlər”

GünAzTV: ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının növbəti toplantısına çıxış edərək, İranın beynəlxalq terrorizmə dəstəyindən, bölgənin sabitliyini pozmasından və Vaşinqtonun İran neftinin satışına qoyduğu sanksiyadan danışıb.

 

Öz çıxışında İranın bölgədə yürütdüyü dağıdıcı siyasətini kəskin tənqid edən Tramp, region ölkələrini İran qarşısında birləşməyə, onu təcrid etməyə çağırıb: “İran rəhbərləri ölkə əhalisinin sərvətlərini qarət edərək öz ciblərini doldurur, bölgədə yeni müharibələr salmağa sərf edirlər. İran hakimiyyəti demokratiya maskası arxasında fasid və korrupsiyalaşmış bir diktaturanı gizlətməyə çalışırlar. Onlar, tarixi və mədəni baxımdan zəngin olan bir ölkəni elə bir günə salıblar ki,  iqtisadi baxımdan ciddi problem və nöqsanlarla üz-üzə qalıb. Belə ki, bu gün İranın yeganə ixracatı zorakılıq, qantökmə və iğtişaşdan başqa bir şey deyil. Onlar, bölgədə ölüm, iğtişaş, müharibə və viranlıq toxumu səpirlər. Onların köhnə qurbanları da elə İran millətinin özüdür.

 

İranın zəngin təbii sərvətləri ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə sərf edilmək əvəzinə, günahsız müsəlmanların, eləcə də öz ərəb və İsrail qonşularının qanını tökən “Hizbullah”a və digər terrorçu qruplaşmalara göndərilir. Biz, öz təhlükəli raket proqramını irəli aparıb inkişaf etdirməyə çalışan bu qatil rejimin bölgənin sabitliyini pozmasına imkan verə bilmərik. Bizim nüvə sazişindən çıxmağımızın səbəbi də bununla bağlıdır. Çünki biz, onların belə bir saziş adı altında öz nüvə məqsədlərinə nail olmasına fürsət verə bilməzdik.

 

Hazırda biz, İran rəhbərlərinin qanlı hədəflərinə çatmasının qarşısını almaq üçün Tehran rejiminə qarşı yeni bir iqtisadi təzyiq kampaniyasına başlamışıq. Belə ki, noyabrın 4-dən başlayaraq İrana qarşı yeni sanksiyaların icrasına başlayacaq, onun neft satışının həcmini azaldacağıq. Elə buna görə də, üzümüzü bütün millətlərə tutaraq, onları İran rejimini baykot etməyə çağırırıq”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinin satışına sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN